İtaliyanın “Yuventus” futbol klubu transfer pəncərəsinin son saatlarında müdafiə xəttini gücləndirmək üçün yeni namizədi müəyyənləşdirib.
İdman.Biz xəbər verir ki, Turin təmsilçisi Fransanın “Lion” klubunda çıxış edən Nikolas Talyafikonu transfer etməyi düşünür. Bu barədə “Sky Sport” məlumat yayıb.
Keçidin reallaşması Xuan Kabalın gələcəyindən asılıdır. “Atalanta” kolumbiyalı müdafiəçi ilə maraqlanır və “Yuventus” onun komandadan ayrılacağı təqdirdə Talyafikonu əvəzləyici kimi nəzərdən keçirir.
33 yaşlı argentinalının “Lion”la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Təcrübəli sol cinah müdafiəçisi daha əvvəl “Ayaks”, “Banfield”, “İndependiente” və “Mursiya”nın da formasını geyinib.
Qeyd edək ki, Talyafiko Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub.
