Platini "Qızıl top" üçün Kvaratsxeliyanı önə çəkdi

31 Avqust 2026 04:35
91
Platini "Qızıl top" üçün Kvaratsxeliyanı önə çəkdi

Üçqat "Qızıl top" sahibi Mişel Platini 2026-cı ilin mükafatı uğrunda mübarizə ilə bağlı fikirlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Fransa millisinin sabiq kapitanı "Canal Football Club"un efirində Xviça Kvaratsxeliyanın şanslarını yüksək qiymətləndirib və seçim edəcəyi təqdirdə PSJ-nin futbolçusuna üstünlük verəcəyini bildirib.

"Messi və Ronaldunun on il davam edən dövründən sonra seçim indi daha açıqdır. Ən effektiv futbolçu Kilian Mbappedir. Komanda üçün çox vacib olan Rodridir, o, dünya çempionatını çox yaxşı keçirdi. Ən möhtəşəm futbolçu Lamin Yamaldır. Hər şeyi qazanan isə Fabian Ruisdir. Amma mən kiçik bir məbləği Kvaraya qoyardım", – Platini deyib.

72 yaşlı veteran Kvaratsxeliyanın PSJ-nin ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmasında həlledici rol oynadığını vurğulayıb. Gürcüstanlı futbolçu ötən mövsüm turnirdə 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Fikrimcə, o, PSJ-yə Çempionlar Liqasını qazandırdı. Buna görə ona üstünlük verirəm. Demirəm ki, mütləq favorit odur, amma onun şansını yüksək qiymətləndirirəm. Dörd-beş futbolçu bu mükafata layiqdir", – Platini əlavə edib.

Fransalı futbol əfsanəsi Mbappenin də möhtəşəm mövsüm keçirdiyini qeyd etsə də, onun komanda titulu qazana bilməməsinin səsvermədə əleyhinə işləyə biləcəyini bildirib.

Qeyd edək ki, 2026-cı il "Qızıl top" mükafatının qalibi oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

İdman.Biz