“Yuventus” Kessye transferini bitirməyə çalışır

26 Avqust 2026 03:35
93
“Yuventus” Kessye transferini bitirməyə çalışır

İtaliyanın “Yuventus” futbol klubu Frank Kessyeni heyətinə qatmaq üçün danışıqları sürətləndirib.

İdman.Biz xəbər verir ki, tərəflər bu gün də təmasları davam etdirirlər. Turin təmsilçisi transferi mümkün qədər tez yekunlaşdırmağa çalışır. Arturun komandadan ayrılması və Fabio Mirettinin “Beşiktaş”a keçidinin yaxınlaşması “Yuventus”un yarımmüdafiədə Kessye üçün yer açmasına imkan verir.

Hazırda əsas müzakirə mövzularından biri futbolçunun müqavilə şərtləridir. İtaliya mətbuatının məlumatına görə, Kessye A Seriyasına qayıtmağa müsbət yanaşır və “Yuventus” variantına üstünlük verir. Bununla belə, tərəflər arasında maaş məsələsi tam həllini tapmayıb.

Fil Dişi Sahili millisinin üzvünün Səudiyyə Ərəbistanından da təklifləri var. “Əl-İttihad” xüsusilə Kessyenin transferində israrlıdır və futbolçudan yekun cavab gözləyir. Daha əvvəl də Səudiyyə klubunun ona yüksək məbləğli təklif göndərdiyi bildirilmişdi.

Kessye daha əvvəl İtaliyada “Atalanta” və “Milan”ın formasını geyinib.

İdman.Biz