FIFA prezidenti Canni İnfantino əvvəlcə ABŞ-də keçirilməsi planlaşdırılan 15 yaşadək futbolçular arasında dünya çempionatı layihəsinin hazırlanmasında iştirak edib. Lakin bu yaş kateqoriyası üzrə ilk rəsmi turnirə sonda Azərbaycan ev sahibliyi edəcək.
İdman.Biz-in “The Athletic”ə istinadən məlumatına görə, ilkin layihədə FIFA-ya daxil olan bütün 211 milli assosiasiyanın yığmalarının iştirakı nəzərdə tutulurdu.
Yarışın Floridada, “Disney World” əyləncə parkının yaxınlığında yerləşən "ESPN Wide World of Sports" idman kompleksində təşkili planlaşdırılırdı. Təşkilatçılar layihəni "ESPN" ilə müzakirə edib, açılış və bağlanış mərasimlərinin isə “Disney World” ərazisində keçirilməsi təklif olunub.
İlkin konsepsiyaya əsasən, komandalar daha kiçik ölçülü meydançalarda qısaldılmış oyunlar keçirməli idilər. Turnirin ideyası ABŞ-də keçirilən beysbol üzrə "Little League World Series" yarışından ilhamlanıb və layihəyə kommersiya baxımından da yanaşılırdı.
“The Athletic”in məlumatına görə, İnfantino açılış matçının İsrail və Fələstin yığmaları arasında keçirilməsini də istəyib. FIFA prezidenti daha əvvəl təşkilatın konqresində iki futbol federasiyasının nümayəndələrinin əl sıxmasını təşkil etməyə çalışmışdı. Sonradan ABŞ-də keçirilməsi nəzərdə tutulan ilkin layihə ləğv edilib.
Qeyd edək ki, 2025-ci ilin dekabrında FIFA Şurası 15 yaşadək futbolçular arasında festival formatında yeni turnirin yaradılmasını rəsmən təsdiqləyib, 2026-cı ilin iyununda isə Azərbaycan onun ilk turnirinə ev sahibi elan olunub. FIFA U-15 "World Cup & Festival 2026" adlanan yarış oktyabrın 22-dən 31-dək keçiriləcək.
Yeni yarışın formatı əvvəllər müzakirə olunan konsepsiya ilə böyük ölçüdə üst-üstə düşür. FIFA-nın bütün 211 milli assosiasiyasının yeniyetmələrdən ibarət yığmaları turnirdə iştirak edə biləcək. Qarşılaşmalar standart oyunlardan daha qısa olacaq və kiçildilmiş meydançalarda keçiriləcək. Hər komandanın heyətində eyni vaxtda meydanda 7-9 futbolçu olacaq.
Bununla belə, bütün 211 yığmanın iştirakı məcburi deyil. AFFA-nın məlumatına görə, hazırda 175-dən çox ölkədən komandaların Azərbaycana gələcəyi gözlənilir. Hər nümayəndə heyəti 20 nəfərdən ibarət olacaq.
Turnirin ilk buraxılışı oğlanlar arasında keçiriləcək. 2027-ci ildə analoji yarış qızlar arasında təşkil olunacaq. 2028-ci ildən etibarən isə FIFA hər il bütün milli assosiasiyaları 15 yaşadək oğlanlar və qızlar arasında ayrı-ayrı turnirlərdə iştirak etməyə dəvət etməyi planlaşdırır.
FIFA Azərbaycanın seçilməsini minlərlə gənc futbolçunu və onları müşayiət edən şxsləri vahid məkanda qəbul etməyə imkan verən zəruri idman və ümumi infrastrukturun mövcudluğu ilə izah edib. Təşkilat həmçinin qeyd edib ki, Azərbaycan daha əvvəl Özbəkistanla birgə 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb.
