Ronaldinyo 46 yaşında futbola qayıdır

20 Avqust 2026 22:40
89
Ronaldinyo 46 yaşında futbola qayıdır

Dünya çempionu və “Qızıl top” mükafatçısı Ronaldinyo 46 yaşında İtaliyanın üçüncü liqasında çıxış edən “Ravenna” klubuna qoşulub.

İdman.Biz xəbər verir ki, braziliyalı sabiq futbolçu “Ravenna”da yalnız beynəlxalq səfir və sərmayədar kimi fəaliyyət göstərməyəcək, eyni zamanda klubun heyətində ən azı bir rəsmi peşəkar matçda meydana çıxacaq. Klubun açıqlamasına görə, Ronaldinyonun əsas məqsədi karyerasındakı son qolunu vurmaqdır.

“Ravenna”nın sahibi İnyatsio Çipriani layihənin sırf marketinq xarakteri daşımadığını bildirib. Onun sözlərinə görə, Ronaldinyo rəsmi oyunda meydana çıxacaq və futbolçu karyerasını simvolik bir qolla tamamlamağa çalışacaq.

46 yaşlı braziliyalı avqustun 20-də İtaliyaya gəlib. Onun “Ravenna” azarkeşlərinə təqdimatı həmin gün Adriatik sahilində, Marina di Ravennada keçiriləcək. Təqdimat tədbirinə təxminən 6000 azarkeşin qatılması gözlənilir.

Ronaldinyo son rəsmi peşəkar oyununu 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun heyətində keçirib. O, 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olub, 2005-ci ildə isə “Qızıl top” mükafatını qazanıb.

“Ravenna” İtaliya C Seriyasında çıxış edir. Klub yeni mövsümdə ilk oyununu avqustun 24-də “Recciana”ya qarşı keçirəcək, lakin Ronaldinyonun məhz bu matçda meydana çıxacağı gözlənilmir. Onun oynayacağı rəsmi görüşün tarixi hələ açıqlanmayıb.

İdman.Biz
Məqalədə: