İngiltərənin “Çelsi” futbol klubu 2026/27 mövsümündən etibarən U-21 və U-19 komandalarının yeni ad altında çıxış edəcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, London klubunun sözügedən komandaları bundan sonra “Cobham Next Gen” (CNG) adlandırılacaq. Klubun baş məşqçi Harri Hadsonun rəhbərlik etdiyi akademiya komandaları üçün bu addımı atmasının səbəbi gənc futbolçuların inkişaf modelini daha düzgün əks etdirməkdir.
“Çelsi”nin açıqlamasında bildirilib ki, U-21 komandası Premyer Liqa 2-də mübarizə aparsa da, ötən mövsüm heyətin orta yaşı U-18 komandasının göstəricilərinə daha yaxın olub. Hətta müntəzəm olaraq meydana çıxan futbolçular arasında 16 yaşlı oyunçular da yer alıblar.
Klub hesab edir ki, “Cobham Next Gen” adı akademiyadan əsas komandaya gedən yolun son mərhələsində olan futbolçuların statusunu daha dəqiq ifadə edir. Eyni zamanda yeni ad “Çelsi” akademiyasının ayrıca futbol kimliyini gücləndirməyi hədəfləyir.
London təmsilçisi akademiyanın illər ərzində əsas komandaya çoxsaylı futbolçular qazandırmasını da xatırladıb. Hazırkı heyətdə klub kapitanı Ris Ceyms, Levi Kolvill və Coş Açimponq akademiya məzunları arasında yer alırlar.
Qeyd edək ki, “Çelsi”nin gənclər komandası ötən mövsüm Premyer Liqa 2-nin əsas mərhələsini turnir cədvəlinin ilk pilləsində başa vurub.
