Mərakeş, Qətər, Misir, Livan, Sudan və Mavritaniya futbol federasiyaları FIFA prezidenti Canni İnfantinoya dəstəklərini bildiriblər.
İdman.Biz bu barədə Reuters agentliyinə istinadən məlumat verir.
"Ərəb dünyasında futbol assosiasiyalarının insanları bir araya gətirməsində və əməkdaşlığın gücləndirilməsində ərəb futbolunun mühüm rolunu qəbul edərək, cənab İnfantinoya tam dəstəyimizi bildiririk və onun liderliyinə və dünya miqyasında futbolun inkişafına davamlı sadiqliyinə inamımızı bir daha təsdiqləyirik. Cənab İnfantinonun futbolun dünya miqyasında inkişafı, bütün bölgələrdə imkanların genişləndirilməsi və oyunun insanları və icmaları birləşdirməkdəki rolunun gücləndirilməsi üçün yorulmaz səylərini yüksək qiymətləndiririk”, - federasiyaların birgə bəyanatında bildirilir.
İnfantino daha əvvəl Dünya Kuboku hüquqlarında payın özəl investorlara satılmasını təklif etmişdi, lakin sonradan tənqidlər fonunda bu ideyadan imtina etmişdi. UEFA, CONCACAF, AFC və CONMEBOL təşəbbüsə qarşı çıxmışdı. UEFA həmçinin FIFA prezidentinə etimadının itirildiyini və FIFA tərəfindən maliyyələşdirilən turnirlərin boykot edildiyini elan etmişdi.
Bundan əlavə, Afrika Futbol Konfederasiyası və Meksika Futbol Federasiyası da daxil olmaqla bir neçə milli assosiasiya əvvəllər İnfantinoya dəstəklərini bildiriblər.
56 yaşlı İnfantino 2016-cı ilin fevral ayından bəri FİFA-ya rəhbərlik edir. Təşkilatın növbəti prezident seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək.
