Ukrayna Futbol Assosiasiyasının keçmiş prezidenti axtarışa verilib

Xəbərlər
26 Dekabr 2025 01:29
51
Ukrayna Futbol Assosiasiyasının keçmiş prezidenti axtarışa verilib

Ukrayna Futbol Assosiasiyasının (UAF) keçmiş prezidenti Andrey Pavelko rəsmi olaraq axtarışda olanlar siyahısına salınıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi məlumatlarına görə, keçmiş funksionerin yoxa çıxma tarixi 5 noyabr 2025-ci ildir. Pavelko hazırda məhkəməyəqədər istintaq orqanlarından qaçan şəxs kimi qeydə alınıb. Keçmiş prezident Ukraynanı ötən ilin sonlarında tərk etmiş ola bilər. Ehtimal olunur ki, əlillik sənədləri onun xaricə getməsinə səbəb olub.

Hüquq-mühafizə orqanları Andrey Pavelkonu vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə əmlakın mənimsənilməsi və israf edilməsində, eləcə də vəzifə saxtakarlığında şübhəli bilirlər. İstintaqın əsas elementləri UEFA vəsaitləri ilə bağlı fırıldaqçılıqla bağlıdır.

İstintaq məlumatlarına görə, Avropa Futbol Federasiyaları Assosiasiyasından maliyyə əməliyyatları özəl qurumun hesablarına yönəldilib və bundan sonra vəsait yoxa çıxıb. Təxmini itkilər 9,32 milyon avro təşkil edir.

Andrey Pavelko Ukrayna futboluna 2015-ci ildən 2024-cü ilin yanvar ayına qədər rəhbərlik edib. Onun istefasından sonra Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti olub.

İdman.Biz