“Kremoneze”nin hücumçusu Ceymi Vardi İtaliya A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz xəbər verir ki, Ceymi Vardi 2 sentyabr 2025-ci ildə “Kremoneze” klubuna pulsuz transferlə qoşulub. 38 yaşlı oyunçu ilə müqavilə 2026-cı ilin yayına qədərdir və daha bir mövsüm uzadıla bilər.
“Hekayə bitməyib, sadəcə yeni bir fəsildir. Ceymi Vardi noyabr ayının oyunçusudur”, - deyə Seriya A hesabı X sosial mediada açıqlayıb.
“Lester Siti”nin keçmiş hücumçusu “Yuventus” (1:2) və “Bolonya” (3:1) ilə oyunlarda üç qol vurub.
38 yaşlı futbolçu səsvermədə “Milan”ın qapıçısı Mayk Meynanı, “İnter”in hücumçusu Lautaro Martinesi, “Napoli”nin hücumçusu David Neresi, “Cenoa”nın müdafiəçisi Leo Oestiqoru və “Udineze”nin yarımmüdafiəçisi Nikolo Zaniolonu geridə qoyub.
