“Barselona” 18 yaşlı hücumçu Lamin Yamalın meydançadankənar həyat tərzindən narahatdır.
İdman.Biz-in məlumatına görə, bu barədə “Cadena Ser”in jurnalisti Manu Karrenyo bildirib.
“Laminin gündəlik həyatı ilə bağlı bəzi narahatlıqlar var. Bu, panikaya düşmək üçün səbəb deyil, lakin klub son aylarda futbolçunun başına gələn bəzi şeylərlə razı deyil. Futbolçunun davranışları və həyat tərzi “Barselona”nın xoşuna gəlmir”, - Karrenyo bildirib.
Keçən yay Yamalı onun şərəfinə verilən 18-ci ad günü ziyafətində qonaqları əyləndirmək üçün cırtdanları dəvət etməkdə günahlandırmışdılar.
Hücumçunun PSJ ilə oyun öncəsi toplantıya gecikdiyi də bildirilir. İş o yerə çatıb ki, “Barselona”nın idman direktoru Deku, komandanın baş məşqçisi Hans-Diter Fliki futbolçunu əsas heyətdən kənarlaşdırmaqdan çəkindirməli olub.