Voleybol Federasiyası “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”ın 1 aylıq əməkhaqqını ödəyib

Xəbərlər
25 Noyabr 2023 14:26
249
Voleybol Federasiyası “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın”ın 1 aylıq əməkhaqqını ödəyib

“Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol klublarının 1 aylıq əməkhaqqı ödənilib.

İdman.biz xəbər verir ki, bunu dəstək məqsədi ilə Azərbaycan Voleybol Federasiyası (AVF) edib.

Bildirib ki, müstəqil fəaliyyət göstərən kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları Azərbaycan çempionatında, “Xarı Bülbül Şuşa” həmçinin Çağırış kubokunda mübarizə aparırlar: “Onlar mövsümün əvvəlində heyəti formalaşaraq, bütün xərclərin ödənməsi ilə bağlı sponsorlarla razılığa gəliblər. “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası (AVF) qarşısında öhdəlik götürüb və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilib. Eyni zamanda, Avropa Voleybol Konfederasiyasına müraciət edərək müvafiq qaydada sənədləri təqdim etməklə Çağırış kubokunda öz iştirakını təsdiqləyib. Daha sonra klubun maliyyə çətinliyi ilə üzləşməsinə dair AVF-yə şifahi məlumat daxil olub və bununla bağlı komandanın işçi heyəti, həmçinin oyunçuları ilə görüş keçirilib”.

Görüş zamanı yaranmış maliyyə çətinliyi ilə əlaqədar müzakirələr aparılıb və klubun müvafiq sənədləri federasiyaya təqdim etməsindən sonra AVF tərəfindən bir aylıq maliyyə dəstəyi göstərilib.

İdman.biz