Şahin Çatma Azərbaycan millisinin EEVZA çempionatında zəif çıxışının səbəbini açıqlayıb

Müsahibə
24 Noyabr 2023 15:04
380
Şahin Çatma Azərbaycan millisinin EEVZA çempionatında zəif çıxışının səbəbini açıqlayıb

“Biz Latviyada Azərbaycan voleybolunu təmsil edirik. Artıq 4 oyun keçirmişik. 2007-2008-ci illər təvəllüdlü voleybolçular ilk dəfə ölkə xaricində oynayırlar. 30 nəfərlik heyətdən 14-nü seçib buraya gətirmişik”.

Bunu İdman.biz saytına Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət yığmasının türkiyəli baş məşqçisi Şahin Çatma deyib.

Təcrübəli mütəxəssis Dauqavpils şəhərində 18 yaşadək voleybolçular arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında uğursuzluğun səbəbini açıqlayıb. O bildirib ki, ardıcıl 4 oyunda 1 set qazanmadan məğlub olmalarında əsas problem ölkəmizdə aşağı yaş qrupları üzrə yarışların keçirilməməsidir: “Voleybol Federasiyasında dəyişikliklərdən sonra hədəf bunu aradan qaldırmaqdır. Mən də Azərbaycana bunun üçün gəlmişəm. Voleybolumuzu böyük planla irəli aparmaq istəyirik. Bunu ölkədə məşqlərlə inkişaf etdirə bilmərik. Azərbaycan xaricinə çıxmalıyıq. Dünya praktikasında aparılan təcrübələri mənsəməliyik”.

Çatmanın sözlərinə görə, yeniyetmə voleybolçulara hər hansısa oyunu göstərərək öyrətmək mümkün deyil, onlar mütləq şəkildə mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak edərək bu çətinliyi aradan qaldırmalıdırlar: “Biz EEVZA-ya gəlməmişdən əvvəl nələrlə qarşılaşacağımızı bilirdik”.

Çalışdırıcı görüşlərdə zəif nəticənin növbəti yarışlarda aradan qalxacağına inam ifadə edib: “Bunu uzun bir müddət yaşayacayıq. Çünki yarışdakı rəqiblərimiz güclüdür. Biz nəticələrə baxmamalıyıq. Əsas hədəfimiz voleybolçularımızın inkişaf etdirməkdir. 2011-2014-cü il təvəllüdlülərlə eyni problemləri yaşamamaq üçün artıq işlərə başlamalıyıq. Buradakı yarışlar bizim üçün önəmlidir”.

Qeyd edək ki, Azərbaycan millisi bu gen çempionatda Polşa ilə qarşılaşacaq.

Banuçiçək Hüseynli

İdman.biz