Novak Cokoviçdən etiraz: “Bu, qlobal bir yarışdır”

Müsahibə
23 Noyabr 2023 14:37
252
Novak Cokoviçdən etiraz: “Bu, qlobal bir yarışdır”

“Düşünürəm ki, Serbiyada uzun illər oynamamaq ideal deyil”.

İdman.biz xəbər verir ki, bunu serbiyalı ulduz tennisçi Novak Cokoviç İspaniyada keçirilən cütlərin “Devis kuboku” haqqında danışarkən deyib.

Kişilər arasında 1 nömrəli raketka yarışın ardıcıl olaraq bu ölkədə keçirilməsinə etiraz edib: “Hər kəsin səsvermə hüququ olmalıdır. Biz müsabiqənin tərkib hissəsiyik və dəyərli məlumat verə bilərik. İspaniya kimi bir ölkənin bu turniri 4-5 il öz meydanında keçirməsi həddindən artıq çoxdur. Bu, qlobal bir yarışdır və heç olmasa, yarımfinaldan etibarən əvvəlki kimi evdə və səfərdə oynanılmalıdır”.

Cokoviç gələn il Rafael Nadalın kortlara qayıtmasına da münasibət bildirib: “O, həmişə mənim əsas rəqibimdir. Rafaelin dönüşü haqqında məlumatım yoxdur, amma qayıtmağa hazırdır və yəqin ki, Avstraliyada bunu edəcək. Onunla bağlı yalnız ən yaxşısına ümid edə bilərəm. Nadalın böyük turnirlərdə qalib gəlməkdən başqa nəsə düşündüyünü təsəvvür edə bilmirəm. O, daha çox “Böyük Dəbilqə” qazanmaq və dünyanın ən yaxşılarından biri olmaq arzusu ilə qayıdacaq. Gəlin, görək nə baş verir”.

Qeyd edək ki, “Devis kuboku”da 1/4 finala yüksələn Serbiya bu gün Böyük Britaniya ilə üz-üzə gələcək.

İdman.biz