İtaliyalı tennisçi, “Böyük dəbilqə” turnirlərinin dördqat çempionu və dünya reytinqinin ikinci raketkası Yannik Sinner nişanlanma iddiaları ilə bağlı gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, tennis ulduzu şəxsi həyatı ilə bağlı ortaya çıxan məlumatlara münasibət bildirib.
Danimarkalı model Leyla Həsənoviç sosial şəbəkədə üzük fotosu paylaşdıqdan sonra cütlüyün nişanlanması barədə xəbərlər sürətlə yayılıb.
Sinner “Tennis365”ə açıqlamasında fotodakı üzüyün onunla əlaqəsi olmadığını deyib.
“Leylanın sosial şəbəkədə göstərdiyi üzük? Mənim bununla əlaqəm varmı? Xeyr-xeyr”, - deyə tenisçi cavab verib.
Cütlük haqqında ilk münasibət şayiələri 2025-ci ilin yayında yayılmışdı. Həsənoviç US Open 2025-də görüntülənmiş, daha sonra ikili Monako küçələrində birlikdə kameralara tuş gəlmişdi.
Leyla Həsənoviç həmçinin Turində keçirilən və Sinnerin qalib gəldiyi ATP Final 2025 turnirində də tribunada yer almışdı.
Qeyd edək ki, Yannik Sinner hazırda dünya tennisinin ən parlaq adlarından biri kimi tanınır və şəxsi həyatı tez-tez medianın gündəminə düşür.
