Yannik Sinner avtomobilinin cızılmasına necə reaksiya verəcəyini açıqlayıb

Xəbərlər
10 Oktyabr 2025 04:02
57
Yannik Sinner avtomobilinin cızılmasına necə reaksiya verəcəyini açıqlayıb

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın 2 nömrəli raketkası italyan Yannik Sinner hansı vəziyyətlərin onu qıcıqlandırıb-qıcıqlandırmayacağı ilə bağlı viktorinada iştirak edib.

İdman.Biz-in məlumatına görə, “BB Tennis”in YouTube kanalının sorğusuna qatılan tennisçi, suallara maraqlı reaksiyalar verib.

“İçində raketkalar olan itirilmiş çemodan” barədə suala Sinner gülərək belə cavab verib: “Bu, çətin ki baş verə, çünki raketkalarım həmişə yanımdadır. Yox, əgər nəsə baş versə, həmişə bir həll var. Odur ki, baxarıq”.

“Top açıq şəkildə autdadır, lakin sistem onun kortda olduğunu bildirir” sualına cavabda Sinner deyib ki, bu, tennisçilərin qarşılaşa biləcəyi haldır: “Bilirsiniz, biz texnologiyaya qarşı gedə bilmərik, ona görə də sadəcə olaraq bunu qəbul etməliyik. Həmçinin, reaksiya hesabın neçə olmasından da asılıdır”.

İtalyan raketka pizza üzərinə ananasın qoyulmasını heç yaxşı hal hesab eləmir. Çox bişmiş makarondansa “Al Dente”yə (xüsusi sousla az bişmiş makaron-red.) üstünlük verir:

“Makaronun bişərkən ötməsi baş verə bilər, çünki biz müxtəlif mədəniyyətlərə malik müxtəlif ölkələrə çox səyahət edirik (gülür). Bununla belə, “al dente” hələ də ən yaxşısıdır”.

Rəqibinin çox uzun ayaqyolu fasiləsi götürməsinə necə münasibət bəslədiyinə gəlincə, Sinner deyib:

“Bəzən bu barədə düşünmək lazımdır. Hərdən oyunçu özünü yaxşı hiss etmir, ola bilsin ki, onun mədəsində problem var və ya başqa bir şey. Ona görə də həmişə anlayışlı olmağa çalışıram. Ancaq vaxtı məhdudlaşdıran qaydalar var. Orada bir tarazlıq mövcuddur”.

İtalyan tennisçi, kiminsə onun idman avtomobilini cızmasının qanını qaraldacağını da qeyd edib:

“Kiminsə avtomobilimi cızması mümkündür və indiyə qədər qeyd etdiyiniz ən pis şeydir. Buna görə də çox, lap çox dilxor olaram”.

İdman.Biz