“Medallar qazansam da, nəticələrimdən tam razı deyiləm” - Məryəm Cavadovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
20 Dekabr 2025 16:20
71
“Medallar qazansam da, nəticələrimdən tam razı deyiləm” - Məryəm Cavadovanın İDMAN.BİZ-ə AÇIQLAMASI

Səkkizinci sinif şagirdi Məryəm Cavadova üzgüçülük üzrə Azərbaycan çempionatında hamıdan güclü olub.

Yasamal rayonundakı 53 nömrəli orta məktəbin 13 yaşlı şagirdi ölkə birinciliyində yeddi medal qazanıb. Onlardan beşi qızıl olub. O, krol üslubunda 100, 200, 400 və 800 metr məsafələrdə, həmçinin kompleks üzgüçülükdə bir qızıl medal əldə edib. Üstəlik, bütün bunları böyüklər arasında keçirilən yarışlarda reallaşdırıb.

İdman.Biz Məryəm Cavadova ilə onun möhtəşəm nəticələri barədə həmsöhbət olub.

“Bu qədər medal qazansam da, nəticələrimdən, daha dəqiq desək, göstərdiyim vaxtdan tam razı deyiləm. Rəqabət demək olar ki, yox idi və bu da nəticələrimə təsir göstərdi. Məsələn, Ər-Riyadda keçirilən İslam Oyunlarında sevdiyim növdə – krol üslubunda üzgüçülükdə - ən yaxşı nəticəmi göstərmişdim, amma mükafatçılar sırasına düşə bilmədim. Burada isə özümü həm kompleks üzgüçülükdə, həm də arxasıüstə üzgüçülükdə sınadım”, - deyə yeni “krol üslubunun şahzadəsi” bildirib.

Fikrinin davamında Məryəm Cavadova əlavə edib:

“Bununla belə, qeyd etmək istərdim ki, millimizin başına əcnəbi mütəxəssislər gəldikdən sonra bu, dərhal məşqlərin səviyyəsinə, nəticədə isə həm ümumi, həm də şəxsi göstəricilərimə təsir edib. Məşq sistemlərində fərq dərhal hiss olunur. Mən beynəlxalq turnirlərdə uğur qazanmaq istəyirəm - bu, mənim əsas məqsədimdir”.

İdman.Biz
Məqalədə: