Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Üzgüçülük hamı üçün” yarışına start verilib.
İdman.Biz xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra yarışlar start götürüb. Ölkə üzrə dördüncü dəfə keçirilən tədbirdə ümumilikdə bu il 1551 iştirakçı mübarizə aparır. Yarışçılar 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 yaş və 60 yaşdan yuxarı kateqoriyalara bölünüblər.
Yarışlar ümumilikdə Bakı şəhəri və regionlarda yerləşən 37 üzgüçülük hovuzunda keçirilir.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri qazanan idmançılar 2026-cı ildə türk dövlətləri arasında təşkil olunacaq “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində iştirak hüququ qazanacaqlar. Yarışlar dekabrın 21-də yekunlaşacaq.
