Azərbaycan üzgüçüləri MDB Oyunlarında yeni səhifə yazdılar

Təhlil
28 Sentyabr 2025 15:45
69
Azərbaycan üzgüçüləri MDB Oyunlarında yeni səhifə yazdılar

Azərbaycan üzgüçülüyü III MDB Oyunlarında tarixi uğura imza ataraq bu yarışlarda ilk medallarını qazanıb.

İdman.biz xəbər verir ki, daha əvvəl Kazanda (2021) və Belarusun Brest şəhərində (2023) keçirilən Oyunlarda üzgüçülərimiz mükafatsız qalmışdı.

Lakin bu dəfəki ev turniri dönüş nöqtəsinə çevrildi: bir neçə idmançımız medal protokoluna düşərək, idman növündə keyfiyyətcə sıçrayış nümayiş etdirdi.

Tarixi səhifəni ilk açan Mehri Abdurrahmanlı olub. O, 100 metr "batterflay" məsafəsində bürünc medal qazanaraq, qadın üzgüçülüyümüzün regional səviyyədə rəqabət apara biləcəyini sübut edib. Bu medal həm komanda, həm də bütün yığma üçün psixoloji stimul rolunu oynadı.

Daha sonra estafeti oğlanlar davam etdirib. Yeqor Maynitski 200 metr kompleks üslubda yarışda bürünc medal qazanaraq komandamızın hazırlığının genişliyini göstərib. Sülеyman İsmayılzadə isə 1500 metr sərbəst üslubda gümüş medal əldə edərək, ənənəvi məsafəsində gücünü bir daha təsdiqləyib.

Bu nəticələr göstərir ki, Azərbaycan bir neçə üslub və məsafədə eyni vaxtda rəqabətədavamlı komanda formalaşdırır. İdmançılar üçün bu, son mövsümlərdəki inkişafın məntiqi davamıdır, komanda üçünsə sistemli işin ən mühüm ev startında nəticə verdiyinin göstəricisidir.

Qazanılan uğurlar təsadüfi deyil, illərlə görülən planlı işlərin bəhrəsidir: yığma daxilində rəqabətin artması, məşqlərə tələblərin yüksəldilməsi və infrastrukturun inkişafı. Komandada həm "batterflay", həm kompleks, həm də uzun məsafəli sərbəst üslubda medal qazanan üzgüçülərin olması geniş və düzgün hazırlığın nəticəsidir.

Mehri Abdurrahmanlının 100 m "batterflay"da bürüncü, Yeqor Maynitskinin 200 m kompleks üzgücdə bürüncü və Sülеyman İsmayılzadənin 1500 m sərbəst üslubda gümüşü artıq ayrı-ayrı uğurlar deyil, Azərbaycan üzgüçülüyünün yeni reallığının göstəricisidir.

Yığmamız sübut etdi ki, potensialı medallara çevirmək mümkündür. Ev Oyunları isə bu inkişafı həm azarkeşlərə, həm də rəqiblərə göstərmək üçün ideal məkan oldu. İrəlidə komandanın və heyətin sabitliyi üzərində iş qalır. Amma əsas olan budur ki, üzgüçülərimiz MDB Oyunlarında ilk dəfə podiuma yüksələrək, regionun liderləri sırasında davamlı yer almaq yolunda böyük addım atdılar.

Teymur Tuşiyev

İdman.biz