“Rəqiblərim güclü olsa da, əlimdən gələni etdim”.
Bunu İdman.biz-ə Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.
O, Slovakiyada keçirilən yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turnirindəki çıxışını dəyərləndirib. Hacızadə bildirib ki, qazandığı nəticədən razıdır: “Kayak üzrə avarçəkmə həm sürət, həm güc, həm də texnika tələb edir. Xüsusilə də, 200 metr məsafədə diqqətli olmaq lazımdır. “Bratislava reqatası” mənim üçün olduqca vacib yarış idi. Burada 200 metr məsafədə ikinci oldum. Turnirdə iştirak etməkdə əsas məqsədim özümü göstərmək və beynəlxalq təcrübə qazanmaq idi”.
16 yaşlı idmançı gələcək planlarından da bəhs edib: “Bu yarış mənim üçün həm böyük motivasiya, həm də dərs oldu. Gələcəkdə özümü daha çox inkişaf etdirib mühüm yarışlarda nəticə əldə etmək istəyirəm. Qarşıda Olimpikopes və MDB Oyunları var. Hər iki yarış mənim üçün çox vacibdir. Buna görə də məşqlərdə maksimum disiplinli olmağa çalışıram. Ümid edirəm ki, qarşıdakı turnirlərdə komandamı layiqincə təmsil edə biləcəm”.
Qeyd edək ki, "Bratislava Reqatası"nda 20-dən çox ölkənin idmançıları mübarizə aparıb.
Aytac Sahəd
İdman.biz