“Mingəçevir reqatasına hazırlaşmaq üçün hər şeyimiz var, lakin bizə hava şəraiti - külək və yağış mane olur. Axı, bütün məşqlərimiz açıq havada keçirilir, idman zalında biz ancaq bədən tərbiyəsi ilə məşğul oluruq”.
Bunu İdman.biz saytına kayak və kanoe üzrə məşqçi İsfəndiyar Cəfərov deyib.
O, Mingəçevir reqatası kimi beynəlxalq yarışlardan əvvəl qarşılaşdıqları çətinliklərdən danışıb. Cəfərov bildirib ki, külək az olanda məşq edirik ki, uşaqlar öyrəşsinlər, güclü külək olanda isə dayanırıq: “Külək bizim əsas düşmənimizdir, çünki güclü olanda biz heç nə edə bilmərik”.
Məşqçinin sözlərinə görə, həftədə 9 hazırlıq olur. Cüt günlərdə - səhər və axşam, tək günlərdə isə gündə bir dəfə məşq edirik. Bazar ertəsi isə istirahət edirlər. Gərgin məşqlərə baxmayaraq, Cəfərov yetirmələrinə məktəbdə yaxşı oxumağın da vacib olduğunu vurğulayır: “Biz Avropanın ən yaxşı idman qurğularından birinə sahibik. Gənc avarçəkənlər üçün hər cür şərait var - lazımi avadanlıq, pulsuz dərslər, həftədə bir dəfə pulsuz üzgüçülük. Amma buna baxmayaraq onların sayı getdikcə azalır. Yayda 30 nəfər gəlirdisə, qışda 10-a düşüb. Beləliklə, əvvəlki illə müqayisədə idmançıların üçdə 1-i qalır. Kim bilir, bəlkə də maddi motivasiya olsaydı, daha çox gələrdilər”.
Komandada digər çətinlik qız idmançıların çatışmazlığıdır. İsfəndiyar Cəfərovun qrupunda 18 oğlan və 1 zərif cinsin nümayəndəsi var - Gülnarə. Məşqçinin sözlərinə görə, bu, Azərbaycan mentalitetinin özəllikləri ilə bağlıdır. Çox vaxt valideynlər qızlarını təxminən 10 yaşında bu idman növünə göndərirlər, 8-ci sinifdən sonra isə gəlməyə icazə vermirlər. Onlar müxtəlif səbəblər gətirirlər - qızlar yaşlarına görə utanmağa başlayırlar və ya universitetə qəbul üçün hazırlıq səbəbindən dərs yükü artır.
“Təcrübəmdən deyim ki, 15 yaşına çatdıqdan sonra bir çox qızlar avarçəkmə ilə vidalaşırlar. 80-ci illərdə Bakıda bu idman növündə qızlar çox idi, əksəriyyəti rus olsa da, indi bizdə çatışmazlıq var. 10 yaşından onları götürürük, hər şeyi öyrədirik, onlara sərmayə qoyuruq, onlar isə davam etmirlər. Baxmayaraq ki, qızlar üçün hər cür şərait var. Onları daha götürüb məşq etmək belə həvəs qalmır”, - deyə məşqçi qeyd edir.
Çətinliklərə baxmayaraq, bu su idman növü Azərbaycanda öz inkişafını davam etdirir. Cəmi bir həftə sonra - oktyabr 25-27-də “Mingəçevir Reqatası” keçiriləcək. Məşqçinin sözlərinə görə, yarışlardan əvvəl sürəti artırmaq üçün onlar intensiv məşqlərə başlayırlar.
Beynəlxalq turnirlərin və sentyabrda baş tutan ölkə çempionatının nəticələrinə əsasən reqataya vəsiqə qazanmış Azərbaycanı 50-yə yaxın avarçəkən təmsil edəcək. Turnirdə yerli avarçəkənlərlə yanaşı, Qazaxıstan, Polşa, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkiyə və Litvadan 2005-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcək.
Şəbnəm Rəhimova
İdman.biz