Fərhad Əliyev: “İdmançılar beynəlxalq yarışlara yollana biləcəklər” - VİDEO

29 Sentyabr 2026 16:16
106
Fərhad Əliyev: “İdmançılar beynəlxalq yarışlara yollana biləcəklər” - VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) icraçı vitse-prezidenti Fərhad Əliyev idman balıqçılığı üzrə milli komandanın formalaşdırılması və su idmanı növlərinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, federasiya rəsmisi “Mingəçevir Reqatası-2026”nın ilk mərhələsindən sonra jurnalistlərə açıqlamasında yerli idmançıların göstəricilərinin ildən-ilə yaxşılaşdığını bildirib.

“Kanoe üzrə inkişaf var. Əvvəllər kanoedə tək idmançı çıxış edirdisə, artıq bir neçə təmsilçi və komanda var. Azərbaycan çempionatında qarışıq idman növlərində həm oğlanlar, həm də qızlar mübarizə aparırlar. Bakıda və Mingəçevirdə təlim-məşq prosesi davam edir. Mingəçevirin təlim bazası kimi fəaliyyət göstərməsi barədə qərar verilib. Növbəti il belə təlim məkanlarının sayı artacaq.

Çətinlik ondan ibarətdir ki, eyni vaxtda yarışlar üst-üstə düşə bilir. Bu il çalışıldı ki, yelkənli idman, idman balıqçılığı, akademik avarçəkmə, kanoe və kayak üzrə turnirlər arasında müəyyən vaxt fərqi yaransın. Bir həftə öncə balıqçılıq, üç həftə əvvəl isə yelkənli idman üzrə Azərbaycan çempionatı təşkil olundu.

İdman balıqçılığının özünəməxsus qaydaları var. Bu növ üzrə Avropa və dünya çempionatları keçirilir. Əvvəllər federasiya olmadığı üçün idmançılar həmin turnirlərə qatıla bilmirdilər. Artıq federasiya nəzdində fəaliyyət göstərdikləri üçün beynəlxalq yarışlara yollana biləcəklər.

Yaxın bir həftə ərzində Türkiyədə turnir təşkil olunacaq. Həmin yarışdakı nəticələrə uyğun olaraq milli komanda formalaşacaq və gələcək üçün təqvim planı müəyyənləşəcək”.

Humay İsgəndərova

İdman.Biz