Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan milli komandası bir qızıl və üç bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paraolimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, qitə çempionatında uğur qazanan paracüdoçularımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ailə üzvləri və media nümayəndələri tərəfindən qarşılanıblar.
Azərbaycan millisinin heyətində J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev növbəti dəfə Avropa çempionu tituluna yiyələnib. Təcrübəli paracüdoçumuz 10-cu dəfə qitə çempionatının qalibi olmaqla yanaşı, ötən il qazandığı titulunu da qoruyub.
J2 kateqoriyası üzrə +70 kq çəki dərəcəsində çıxış edən Dürsədəf Kərimova, J1 kateqoriyası üzrə +70 kq çəki dərəcəsində mübarizə aparan Xatirə İsmiyeva bürünc medal qazanıblar.
J1 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində çıxış edən Saleh Sultanov da turniri bürünc medalla başa vurub. Bu, paracüdoçumuzun karyerasında Avropa çempionatında qazandığı ilk medal olub.
