Futbol və qolf elementlərini birləşdirən futqolf ABŞ-da sürətlə populyarlaşır və keçmiş peşəkar oyunçular, həmçinin həvəskarlar üçün yeni imkanlar açır.
İdman.biz "GOAL"a istinadən xəbər verir ki, bu idman növü vaxtından əvvəl futbol karyerasını başa vurmuş şəxslərə yenidən oyunun həyəcanını yaşamaq imkanı verir.
Çikaqolu sabiq futbolçu Bart Voytilanın hekayəsi buna bariz nümunədir. Peşəkar futbolda möhkəmlənə bilməyən Voytila təsadüfən futqolfla tanış olub və ilk zərbədən bu oyuna bağlanıb. Hazırda o, ABŞ millisinin kapitanıdır və 2018, eləcə də 2023-cü illərdə dünya çempionatlarında bürünc medal qazanıb.
Futqolfun əsas cazibəsi sadə qaydalarındadır: matç qolf meydançasında keçirilir, lakin oyunçular topu ayaqla vuraraq təxminən 53 sm diametrində böyüdülmüş dəliyə yönləndirməlidirlər. Məqsəd – mümkün qədər az zərbə ilə topu dəliyə salmaqdır. Adətən oyun 3–4 nəfərlik qruplarda keçirilir, lakin hər kəs fərdi nəticə göstərir. Böyük turnirlərdə isə komanda yarışı da təşkil olunur.
Qeyd edək ki, ABŞ-da artıq futqolfun öz liqası yaradılıb və meydançaların sayı 500-ü keçib. Müntəzəm turnirlər təşkil olunur və idmançılar bu növün bir gün Olimpiya Oyunlarının proqramına daxil ediləcəyinə ümid edirlər.
İdman.biz