“Qəbələ”də hər gün 500-ə yaxın gənc məşq edir: “Qızlara ağ yaraşır” - FOTO

Xəbərlər
1 Dekabr 2023 16:46
381
“Qəbələ”də hər gün 500-ə yaxın gənc məşq edir: “Qızlara ağ yaraşır” - FOTO

Azərbaycan son illərdə dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təbii ki, bu da əsəs deyil. Ölkəmizdə idmana göstərilən dövlət qayğısı, onun maddi-texniki bazasının gücləndirilməsi beynəlxalq federasiyaların da diqqətini Azərbaycana yönəldib. Odlar Yurdu I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, “Formula-1” üzrə Qran-pri kimi yarışlarla yanaşı, müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarına uğurla ev sahibliyi edib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də müxtəlif səviyyəli beynəlxalq turnirlər təşkil olunub. İşğaldan azad edilən Şuşa və Suqovuşanda bir neçə ölkənin iştirakı ilə yarışlar baş tutub.

Müxtəlif bölgələrimizdə olduğu kimi, Qəbələdə yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməsi üçün gözəl idman infrastrukturu yaradılıb. Müasir idman qurğuları və idman obyektləri rayon əhalisinin ixtiyarına verilib. Onlardan Olimpiya İdman Kompleksini, Cıdır Kompleksini, Atıcılıq Mərkəzini, “Qəbələ” futbol və idman klubunun bazasını, stadionunu misal göstərmək olar.

“Qəbələ” İdman Klubun cüdo üzrə baş məşqçisi Rail İsmayılov İdman.bizə bildirib ki, rayonda idmanın kütləviləşməsi və inkişafı, xüsusilə, qadın idmançılarının sayının artması müşahidə edilir. Onun sözlərinə görə, Qəbələ bölgələr arasında liderlərdən hesab olunur: “2013-cü ildən başlayaraq, “Qəbələ” İdman Klubu fəaliyyət göstərir. Klubda taekvondo, cüdo, boks, karate, sərbəst güləş, MMA döyüş növləri üzrə bölmələr fəaliyyət göstərir. Təmsilçilərimiz arasında gənclər, yeniyetmələr, böyüklər arasında Azərbaycan və Avropa birincilərinin, beynəlxalq turnirlərin qalibləri, həmçinin mükafatçıları var. Klubda hər gün 500-ə yaxın gənc məşq edir”.

Cüdo mütəxəssisi bildirib ki, daha çox gəncin idmana cəlb olunması üçün bütün bölgələrdə idman klublarının fəaliyyəti önəmli faktorlardan biridir: “Elman Kərimovla birgə Qəmərvan, Əmirvan və Laza kəndlərində bölmələrdə də çalışırıq. Gələcək planlarımızdan biri rayonumuzda idman klubların sayını artırmaqdır. Məktəblərdə idmana maraq oyatmaq üçün seminarlar keçiririk”.

O, bölmələrdə qadın idmançıların sayının az olmasını isə mentalitetlə əlaqələndirib: “Əksər valideynlər düşünür ki, qızlar böyüdükdən sonra ailə qurmalıdır. Amma idmana təkcə oğlanların deyil, qızlar da gəlməlidirlər. Bununla bağlı Azərbaycan Cüdo Federasiyasının “Qızlara ağ yaraşır” layihəsi yerinə düşdü. Həmin layihə idman sahəsinə çox güclü təsir göstərdi. Bu kimi layihələrin sayı çox olsa, cəmiyyətimiz daha çox maariflənəcək”.

Səma Cəlilova
İdman.biz