Fərid Qayıbov: “Avqustun sonuncu həftəsini Azərbaycan futbolu üçün əlamətdar hesab etmək olar”

Xəbərlər
2 Sentyabr 2025 15:18
59
Fərid Qayıbov: “Avqustun sonuncu həftəsini Azərbaycan futbolu üçün əlamətdar hesab etmək olar”

“Hərarətli avqust bir tərəfdən idmançılarımızın uğurları, digər tərəfdən isə gənclərimizin reallaşan təşəbbüsləri ilə tamamlandı. Ay ərzində həm ölkə miqyasında, həm də beynəlxalq arenada yetərincə fəaliyyətlər oldu”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov avqust ayını dəyərləndirərkən deyib.

O, sayca 48-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin idmana və gənclərə göstərdiyi xüsusi diqqət sayəsində ölkəmizdə müasir idman infrastrukturu ilbəil inkişaf edir: “Bu isə ölkədə idmanın kütləviliyi, sağlam nəslin yetişməsi və ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün geniş imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni Gəncə stadionunun tikinti işlərinin gedişi ilə tanış oldular. Qeyd edim ki, bu stadion respublikamızın ən müasir arenalarından biri olacaq. Burada yaradılan şərait və imkanlar Gəncədə futbolun inkişafına, eləcə də gənclərin sağlam həyat tərzinə də böyük töhfə verəcək. Bildiyiniz kimi, sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarının açılış və bağlanış mərasimləri də məhz bu stadionda keçiriləcək. Yeri gəlmişkən, artıq Gəncədə təşkil etdiyimiz mərasimlə Oyunlara geri sayıma start verdik”.

Nazir vurğulayıb ki, avqustun sonuncu həftəsini Azərbaycan futbolu üçün əlamətdar hesab etmək olar: “Qarabağ” futbol komandasının tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması hər birimizi sevindirdi. Komandanı bu uğurlu nəticəsi münasibətilə təbrik edən dövlətimizin başçısı cənab İlham Əliyev idmana növbəti qayğını göstərərək kluba maliyyə dəstəyi ayrılması üçün Sərəncam imzaladı. Elə həmin həftə Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq turniri keçirildi. Bu son üç ildə uşaqlar üçün keçirdiyimiz 4-cü beynəlxalq futbol yarışıdır. İlk dəfə olaraq həm 7 ölkədən 12 komanda qatıldı, həm də Azərbaycan komandası qalib gəldi. Məhz belə yarışlarda uşaqların beynəlxalq təcrübəsi artır, onlar inkişaf edirlər. Biz gələcəkdə də bu cür yarışları təşkil edəcəyik”.

Qayıbov bildirib ki, ənənə üzrə beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmiş idmançılarımızla növbəti görüşümüz də olub: “Regionlarda vətəndaş qəbulu çərçivəsində bu dəfə Tərtər və Bərdə sakinlərini qəbul etdik. Bölgəyə səfərimiz zamanı Bərdə Olimpiya İdman Kompleksinə baxış keçirərək mövcud şəraitin yaxşılaşdırılması ilə bağlı müzakirələr apardıq. Həmçinin III MDB Oyunlarının boks yarışlarının keçiriləcəyi Yevlax Olimpiya İdman Kompleksində son tamamlanma işləri ilə maraqlandıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən ilin idman yekunlarında idmançılarla görüşdə Böyük Qayıdış məsələsinə toxunaraq idmançıların işğaldan azad edilmiş bölgələrə səfərlərinin vacibliyini qeyd etmişdi. Dövlətimizin başçısının bu çağırışına səs verən idman ictimaiyyəti nümayəndələrinin Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həmin bölgələrə səfərləri davam edir. Futbol üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Füzuli, Ağdam, Xankəndi və Şuşa şəhərlərinə, ardınca isə cüdo üzrə Olimpiya çempionlarımız Xankəndi, Şuşa, Laçın və Füzuli şəhərlərinə səfər edərək müxtəlif görüşlər keçirdilər. Federasiyalarımız mütəxəssislərin yetişdirilməsi üçün mütəmadi olaraq kurslar təşkil edirlər. Azərbaycan Cüdo Federasiyası növbəti dəfə Beynəlxalq Cüdo Federasiyası Akademiyasının cüdo məşqçiliyi üzrə proqramını təşkil etdi. Bu proqram vasitəsilə ölkəmizdə cüdo inkişaf edir, məşqçilərin peşəkarlığı artır”.

Nazir qeyd edib ki, Azərbaycanın milli adət-ənənələrini, eləcə də milli idman oyunlarımızı dünyaya tanıdan mühüm tədbirlərdən biri növbəti dəfə Göygöldə baş tutub: “Dördüncü Milli Yaylaq Festivalında Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla birlikdə milli idman növlərində nümunəvi çıxışları izlədik, festivalın açılış mərasimində çıxış etdik. Festival çərçivəsində Gənclər və İdman Nazirliyinin səyyar “Sağlam həyat” layihəsi bu dəfə də idman həvəskarları, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılandı. Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi 8 avqust - Beynəlxalq Alpinizm Gününə təsadüf etdi. Hazırda kinoteatrlarda nümayiş edilən filmin uğurlu alındığını qeyd edə bilərəm. Bu münasibətlə filmin qəhrəmanını və yaradıcı heyətini təbrik edirəm. Paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verdik. Gənclər və İdman Nazirliyinin “Sağlam həyat” layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir. Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır”.

Qayıbovun sözlərinə görə, artıq dördüncü dəfə Mingəçevirdə, Kür çayında üzmə yarışı uğurla baş tutub: “İştirakçıların sayının ilbəil artması bu yarışın daha da populyar olmasının göstəricisidir. Bu cür kütləvi yarışların keçirilməsi əhali arasında sağlam həyat tərzinin təbliği üçün çox vacibdir”.

O, ay ərzində görüşlərini də xatırladıb: “Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşərək idman sahəsində əməkdaşlıq və beynəlxalq yarışların təşkili ilə bağlı geniş müzakirələr apardıq. Ölkəmizdə səfərdə olan Mərakeş gənclər nümayəndə heyətini qəbul etdim, onlarla fikir mübadiləsi apardım. Xaricdə yaşayan Azərbaycan əsilli idmançılar - ikiqat Olimpiya mükafatçısı Pərviz Nəsibov, eləcə də ABŞ-da peşəkar boksla məşğul olmuş və Vətəndən uzaqda yaşasa da, Azərbaycan bayrağını daim uca tutmuş Rüfət Bakı ilə görüşümüz oldu. Həyata keçirilən layihə və tədbirlərin hədəfi çoxşaxəlidir – gənclərin fəallığı, idmançılarımızın qələbələri, müasir və geniş infrastruktur, beynəlxalq əməkdaşlıqlar. Əldə edilən nəticələr isə sağlam gələcəyin təməlidir. Bunun üçün də məqsədə doğru fəaliyyətimizi davam etdirməliyik”.

İdman.biz