Türkiyə və Küveyt idmançıları da MDB Oyunlarına gələcək

Xəbərlər
26 Avqust 2025 17:00
59
Türkiyə və Küveyt idmançıları da MDB Oyunlarına gələcək

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, artıq Türkiyə və Küveyt də yarışa gələcəyini təsdiqləyib.

Onlar Oyunlara müvafiq olaraq, 38 və 6 idmançı sifariş ediblər. Bununla da ölkəmizdə keçiriləcək yarışa qatılacaq ölkələrin sayı 10-a yüksəlib. Daha öncə ev sahibi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Özbəkistan və Tacikistan MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu komandalar 1605 idmançı və 2330 nümayəndə ilə təmsil olunacaq.

Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarış gənc idmançılar arasında dostluğun, birliyin və idman ruhunun təcəssümünə çevriləcək və regionun ən mötəbər idman tədbirlərindən biri olacaq.

İdman.biz

Məqalədə: