Universiada-2027-nin təşkilatçıları təqdimat keçirib

Xəbərlər
25 İyul 2025 17:36
58
Universiada-2027-nin təşkilatçıları təqdimat keçirib

Cənubi Koreyanın Çunqçonq şəhərində keçiriləcək 2027-ci il Universiadasının təşkilatçıları mətbuat konfransı təşkil ediblər.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, təqdimat Reyn-Rur bölgəsindəki multiforum çərçivəsində Essen şəhərində yerləşən "Messe Essen" sərgi kompleksində baş tutub.

Universiadanın proqramına 18 idman növü daxil olacaq. Bunlar idman gimnastikası və bədii gimnastika, oxatma, avarçəkmə, cüdo, atletika, badminton, basketbol, suya tullanma, qılıncoynatma, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol, su polosu, çimərlik voleybolu və qolf.

Növbəti Universiada 31 idman obyektində keçiriləcək. Onların, demək olar ki, hamısı artıq hazırdır.

Təşkilati məsələlərə gəlincə, Tecon və Secon şəhərləri, həmçinin Çunqçonq-Namdo və Çunqçonq-Pukto vilayətləri birlikdə bu multiforumu qəbul edəcəklər.

Beləliklə, Universiada Cənubi Koreyada dördüncü dəfə keçiriləcək. Daha əvvəl bu ölkə 1997-ci ildə Çoncudakı qış Universiadasına, 2003-cü ildə Daequ və 2015-ci ildə Kvancudakı Yay Universiadalarına ev sahibliyi edib.

Tədbirdə çıxış edən Təşkilat Komitəsinin rəhbəri Çanq Hi Kanq bildirib ki, Cənubi Koreyanın dörd regionunu təmsil edən tender komitəsi Oyunları yüksək səviyyədə və minimum xərclə keçirməyi hədəfləyir.

Universiadanın açılış mərasimi Teconda, bağlanış mərasimi isə Seconda baş tutacaq.

Multiforum 2027-ci il avqustun 1-12-də keçiriləcək.

Zəki Feyzullayev, Essen (Almaniya)
İdman.biz

Məqalədə: