“Biz 2027-ci ildə Avropa Oyunlarını təşkil etmək istəyirik. İstanbul Avropa Oyunlarına bütün gücü ilə hazır olan bir şəhərdir. İnanırıq ki, İstanbulda belə bir yarışın təşkili Avropa və bütün dünyaya güclü siqnal verəcək. İstanbul Avropanın ən böyük metropolisidir və Avropa Olimpiya Komitələri və Avropa idmanı üçün heyrətamiz sinerji yaradacaq”.
İdman.biz xəbər verir ki, bunu İstanbul şəhərinin meri Əkrəm İmamoğlu Avropa Olimpiya Komitələrinin (AOK) 52-ci Baş Assambleyası çərçivəsində keçirilən qala şam yeməyi zamanı deyib.
O, İstanbulun bu yarışın öhdəsindən layiqincə gələcəyinə inanır: "AOK prezidenti Spiros Kapralos ilə müsbət və məhsuldar görüşümüz oldu. Oxşar fikirlərimizə və idmana ümumi baxışımıza malik olduğumuzu öyrənməkdən məmnun oldum. Biz 2027-ci il Avropa Oyunlarını İstanbulda keçirmək istəyirik və oyunları təşkil etməyə hazırıq”.
AOK-un prezidenti Spiros Kapralos Türkiyənin marağının ifadəsini alqışlayıb və İstanbulun dörd ildən sonra tədbirə ev sahibliyi etmək gücünə malik olduğuna bir daha əmin olduğunu bildirib: “Türkiyə böyük beynəlxalq idman tədbirlərini uğurla təşkil edə biləcəyini artıq nümayiş etdirib. Əgər İstanbul IV Avropa Oyunlarına ev sahibliyi etmək qərarına gəlsə, AOK bu potensial imkan üzərində şəhərlə işləməkdən məmnun olar. Belə bir böyük tədbirin keçirilməsi Milli Olimpiya Komitəsi (MOK), şəhər və hökumət arasında sıx əməkdaşlıq tələb edir”.
AOK İcraiyyə Komitəsinin üzvü, Avropa Oyunlarının Koordinasiya Komissiyasının sədri və Türkiyə MOK-un vitse-prezidenti Hassan Arat İstanbulun Oyunların keçirilməsi üçün ideal məkan olacağına əminliyini dilə gətirib: “İstanbul açıq şəkildə Oyunları keçirmək üçün idman infrastrukturuna malikdir və Avropanın müxtəlif mədəniyyətlərini bir araya gətirmək üçün ideal yerdir. Təbii ki, qərarın məsuliyyəti MOK-un, idman nazirinin və hökumətin üzərinə düşür. Prezident Rəcəb Tayyib Ərdoğan və mer İmamoğlu idmana həvəslidir və biz bilirik ki, Türkiyədə hər kəs böyük milli qürur mənbəyi olan idman tədbirləri üçün bir araya gəlir. Son 20 il ərzində İstanbulda idman infrastrukturu, şəhər infrastrukturu modernləşdirilib. Əminəm ki, o, Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmək iqtidarındadır”.
Arat ölkənin coğrafi yerləşməsini diqqətə çatdırıb: “İstanbulun təklif edə biləcəyi çox şey var və onun idman, incəsənət, mədəniyyətlə əlaqəsi, eləcə də Avropa və Asiyanı bir-birinə bağlaması o deməkdir ki, bu, Avropanın dinc rəqabətdə birləşmək üçün ideal yerdir”.
Qeyd edək ki, I Avropa Oyunları Bakıda təşkil olunub. III Oyunlara isə bu il Polşa ev sahibliyi edib.
İdman.biz