“Altıncı Dünya Köçəri Oyunlarında rəqabət çox yüksəkdir. 3-4 medal götürmək ehtimalımız var. Təbii ki, püşkatmadan da çox şey asılıdır. Yarışlarda təsəlliverici görüşlər olmur və hər çəki üzrə 30-35 idmançı yüksək yerlər uğrunda mübarizə aparır”.
Bu sözləri Qırğızıstanda keçirilən Altıncı Dünya Köçəri Oyunlarında nümayəndə olaraq ölkəmizi təmsil edən Milli İdman Növləri Assosiasiyasının (AMİNA) vitse-prezidenti Samir Abdullayev İdman.Biz-ə açıqlamasında deyib.
Samir Abdullayev söyləyib ki, Azərbaycanın alış (kəmər güləşi növlərindən biridir – red), Qazax kürəşi, pəhləvan güləşi idman növlərində medal qazanmaq ehtimalı daha yüksəkdir.
“Fürsətdən istifadə edərək qeyd edim ki, artıq bir medalımız var; alış güləşi üzrə 80 kq çəki dərəcəsində Ariz Hüseynov bürünc medal qazanıb”.
AMİNA-nın vitse-prezidenti Altıncı Dünya Köçəri Oyunlarında favorit ölkələrin adlarını da sadalayıb.
“Favorit Qırğızıstandır. Rusiya, Qazaxıstan, Özbəkistan, eyni zamanda İran da böyük nümayəndə heyəti ilə yarışlara qatılıb. Bu ölkələr öz aralarında yüksək yerlər uğrunda mübarizə aparacaqlar”.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 7-dək Qırğız Respublikasında Altıncı Dünya Köçəri Oyunları keçirilir. 10 idmançı doqquz idman növündə - alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala üzrə ölkəmizi təmsil edir.
