Bakıda velosiped və skuterlərdən istifadənin artması şəhər nəqliyyatının yükünün müəyyən qədər azalmasına təsir göstərə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına əsasən, cari ilin yanvar-iyul aylarında kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Bu müddətdə mikromobillik vasitələrindən 1 160 228 nəfər istifadə edib və ümumilikdə 4 918 839 kilometr məsafə qət olunub. Göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə sifariş və istifadəçi sayında 1,2 dəfə artım deməkdir.
Raufoğlunun sözlərinə görə, əsas məsələ istifadəçilərin mikromobilliyə hansı nəqliyyat növündən keçməsidir.
“Bu insanlar əvvəllər avtomobildən, metrodan və ya digər ictimai nəqliyyatdan istifadə edirdilər, yoxsa piyada hərəkət edirdilər - bunu dəqiq müəyyənləşdirmək çətindir. Amma istifadəçilər arasında kuryerləri, tələbələri və yaşadığı əraziyə yaxın məsafədə işləyən insanları görmək mümkündür”, - deyə ekspert demokrat.az-a bildirib.
O qeyd edib ki, mikromobillik vasitələrinin alternativ nəqliyyat kimi seçilməsi və istifadə göstəricilərinin artması müsbət tendensiyadır.
Ekspert qarşıdakı dövrdə “28 May” və “Nizami” metro stansiyalarının bağlanmasının nəqliyyat sisteminə əlavə yük yaradacağını da vurğulayıb. Onun fikrincə, xüsusilə tələbələr və yaxın ərazilərdə çalışanlar qısa məsafələr üçün velosiped və skuterlərə üstünlük verə bilərlər.
Raufoğlu bildirib ki, marşrut və avtobus alternativlərinin metroda yaranacaq əlavə yükü tam üzərinə götürməsi çətin olacaq. Buna görə də iki kilometrədək məsafələrdə velosiped və skuterlərdən istifadənin artması mikromobillik zolaqlarının daha fəal işləməsinə səbəb ola bilər.
