Dakar Rallisi başlayır - FOTO

Xəbərlər
2 Yanvar 2026 18:30
53
Dakar Rallisi başlayır - FOTO

Dünyanın ən çətin və təhlükəli yarışı sayılan Dakar Rallisi bu il 48-ci dəfə keçiriləcək və ardıcıl yeddinci dəfə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək. Ralli Yanbu şəhərindəki ön mərhələ ilə başlayacaq və 17 yanvarda yenə həmin şəhərdəki 13-cü mərhələ ilə başa çatacaq.

İdman.Biz xəbər verir ki, etaplararası əlaqələrlə birlikdə ümumi məsafəsi 8 000 kilometrə yaxın olan yarışda pilotlar təxminən 5 000 kilometrlik məsafəni qət edərək çempionluq uğrunda mübarizə aparacaqlar. Marşrut Ərəbistan yarımadasının sahillərindən qum təpələrinə, dağlıq ərazilərdən Rubülhali səhrasına qədər uzanır.

Son illərdə olduğu kimi bu dəfə də iki günlük marafon etap tətbiq ediləcək. Sürücülər gecəni səhrada düşərgələrdə keçirəcək, məhdud avadanlıq və ərzaqla yarışa davam edəcəklər.

Dakar tarixinin ən uğurlu pilotu fransız Stefan Peterhanseldir. O, avtomobil kateqoriyasında səkkiz, motosikletdə isə altı dəfə olmaqla ümumilikdə 14 dəfə çempionluq qazanıb.

Ötən il avtomobil kateqoriyasında səudiyyəli Yəzid əl-Rajhi, motosiklet sinfində isə avstraliyalı Daniel Sanders qalib olub. Bu il də avtomobildə Peterhansel, Karlos Sayns, Nasser əl-Əttiyə, Set Kintero, motosikletdə isə Kevin Benavides, Rikki Brabek və Toşa Şareyna kimi tanınmış adlar mübarizəyə qoşulacaq.

Dünya Ralli Çempionatının doqquzqat qalibi Sebastyen Loeb də 2016-cı ildən bəri iştirak etdiyi Dakar Rallisində bu dəfə də titul uğrunda yarışacaq.

Qeyd edək ki, 1979-cu ildən bu yana keçirilən yarışlarda müxtəlif qəzalarda 33 pilot həyatını itirib. Ümumilikdə idmançılardan başqa təxminən 50-yə yaxın insan - jurnalistlər, təşkilat əməkdaşları və tamaşaçılar da yarışla bağlı hadisələr zamanı həyatını itirib.

Dakar Rallisi uzun illər Afrikada keçirilmiş, 2009-cu ildə təhlükəsizlik səbəbilə Cənubi Amerikaya köçürülmüş, 2020-ci ildən isə Səudiyyə Ərəbistanında təşkil olunur. Yarışın qurucusu Tyerri Sabin də 1986-cı ildə Dakar zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İdman.Biz