Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının 12-ci yarış gününə yekun vurulub.
İdman.Biz xəbər verir ki, günü bir gümüş medalla başa vuran Azərbaycan komandası ümumi medal sıralamasında bir pillə geriləyib. Üç qızıl və iki gümüş medalı olan yığmamız hazırda 12-ci yerdədir.
İlk üçlükdə dəyişiklik olmayıb. Çin 16 qızıl, səkkiz gümüş və altı bürünc olmaqla 30 medalla liderliyini qoruyur. Yaponiya doqquz qızıl, səkkiz gümüş və doqquz bürünc medalla ikinci pillədədir. Günü bir bürünc medalla tamamlayan Rusiya isə səkkiz qızıl, dörd gümüş və iki bürünc medalla üçüncü yeri tutur.
Misir altı qızıl, bir gümüş və beş bürünc olmaqla 12 medalla dördüncüdür. Efiopiya beş qızıl və üç gümüş medalla beşinci pillədə qərarlaşıb.
Ümumilikdə, 95 ölkənin idmançıları medal qazanıblar. Onlardan 75-i ən azı bir qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycana qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə gümüş medal əldə ediblər.
Dakar-2026-ya noyabrın 13-də yekun vurulacaq.
