Azərbaycan Qış Olimpiadasına yola düşür - tarix bəlli oldu

3 Fevral 2026 13:08
622
Azərbaycan Qış Olimpiadasına yola düşür - tarix bəlli oldu

Azərbaycanın XXV Qış Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin İtaliyaya yola düşəcəyi tarix bəlli olub.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev İdman.Biz-ə açıqlamasında bildirib ki, nümayəndə heyəti fevralın 5-də İtaliyaya yola düşəcək.

Azərbaycan komandasının şef de-missionu MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov olacaq. Qeyd edək ki, Anar Bağırov tanınmış sambo və cüdo mütəxəssisi Natiq Bağırovun oğludur.

Qeyd edək ki, Milan və Kortina-d’Ampezzo şəhərlərinin ev sahibliyi edəcəyi XXV Qış Olimpiya Oyunları körlinq yarışları ilə start götürəcək. Açılış mərasimi fevralın 6-da keçiriləcək, oyunlara isə fevralın 22-də yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan Olimpiadada dağ xizəyində Anastasiya Papatoma, fiqurlu konkisürmədə isə Vladimir Litvintsev tərəfindən təmsil olunacaq. Fiqurlu konkisürmə yarışları fevralın 6-da, dağ xizəyi üzrə mübarizə isə fevralın 7-də başlayacaq. Gender bərabərliyi prinsipinə uyğun olaraq, açılış və bağlanış mərasimlərində Azərbaycan bayrağını hər iki idmançı daşıyacaq.

İdman.Biz