İdman, biz və Olimpiada: “Dumanlı Albion”da dumana düşməyənlər – TƏHLİL

Təhlil
24 May 2024 15:39
354
İdman, biz və Olimpiada: “Dumanlı Albion”da dumana düşməyənlər – TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 63 gün qalıb.

İdman.biz 9 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırlayırıq. Debütü 1996-cı ildə Atlantada rəsmiləşən Azərbaycan millisi Sidney, Afina və Pekinin ardınca özünün 5-ci cəhdini Londonda gerçəkləşdirib.

Tarixdə ilk, Parisdə təkrarlanacaq rekord
Afina-2004-dən səkkiz il sonra Olimpiada yenidən Avropaya qayıdıb. Multiidman yarışı 3-cü dəfə Londona həvalə olunub. Böyük Britaniyanın paytaxtı bununla da Olimpiadalar tarixinə yeni rekordla düşüb. Oyunlara üç dəfə ev sahibi olan Londonun imza atdığı bu ilk 2024-cü ildə Parisdə təkrarlanacaq, dörd il sonra Los-Anceles də onlara qoşulacaq. 1908-ci və 1948-ci illərdə Olimpiadaya qucaq açan “Dumanlı Albion” Paris, Madrid, Nyu-York və Moskva ilə rəqabətdə üstün olaraq təşkilatçılıq haqqı qazanıb. Yubiley – XXX Oyunlarda 204 ölkə və 2 neytral komandadan 10 mindən artıq idmançı 26 növdə 302 dəst medal üçün mübarizə aparıb.

“50”ni arxada qoyduq
Hər Olimpiadada daha çox idmançı ilə təmsil olunmaq ənənəsinə malik Azərbaycan millisi Londonda da tendensiyanı davam etdirib. Pekin-2008-ə 44 idmançı göndərən ölkəmiz bu dəfə “50”ni də geridə qoyub. Yığmamız “Dumanlı Albion”a 53 atletlə yollanıb. Onlardan 39-u kişi, 14-ü qadın idmançı olub. Təmsil olunduğumuz idman növlərinin sayında isə böyük sıçrayış yaşanıb. Pekində 10 növdə mübarizə aparan millimiz bu rəqəmi 14-ə yüksəldib. Bu, Olimpiadalar tarixində yeni rekordumuz olub. Həmin göstərici dörd il sonra təkrarlansa da bu günə qədər keçilməz qalıb.

Bərpa olan ənənə və debütlər
Böyük Britaniyanın paytaxtında baş tutan Olimpiada Azərbaycan yığmasının dörd növdə debütü ilə yadda qalıb. Təmsilçilərimiz ilk dəfə avarçəkmə, kanoe-sprint və velosiped idmanında çıxış ediblər. Hələ SSRİ yığmasına idmançılar verən avarçəkmə bazamız köhnə ənənələrini bərpa edibsə, velosipedçilərlə kanoeçilər ilk dəfə belə səviyyədə çıxış edib. Daha bir debüt idman gimnastikana təsadüf edib. MDB yığması ilə Olimpiya qatıldığımız dövrdən xeyli sonra gimnastikanın bu növündə də multiidman yarışına getmək nəsib olub. Qılıncoynatma isə yenidən fasilədən sonra millimizin təmsil olunduğu növlərə qoşulub. Atıcılıqda isə dörd il əvvəlkindən fərqli bu dəfə stend növündə kənarda qalmışıq.

Son addımda büdrədilər
Xoş olmayan ənənəni bu dəfə də pozmaq mümkün olmayıb. Yığmamız komanda növlərində Londondan kənar qalıb. Amma son iki Olimpiadadakı kimi yenə buna şans olub. Pekin-2008-in bir addımlığında qalan qadın otüstü hokkeyçilərimiz yenə son anda büdrəyiblər. Komandamız üçüncü təsnifat turnirində mübarizə aparıb. Yığmamız yenə finalda – lisenziya verən matçda uduzub. Amma bu dəfə turnir Bakıda deyil, finaldakı rəqibimiz Yaponiyada keçirilib. Malayziyanı 4:0, Belarusu 3:0, Avstriyanı 5:0 hesablı quru məğlubiyyətə uğradan millimiz turniri yaxşı başa çatdıra bilməyib. Finişdə Yaponiya (1:4) və Çili (2:2) ilə matçlarda xal itirib. 10 xalla 6 komanda arasında 2-ci olmaq yığmamıza Yaponiya ilə final oynamaq imkanı verib. Rəşad Əlizadənin baş məşqçisi olduğu komanda 1:5 hesabı ilə uduzaraq Londonun bir addımlığında qalıb. Viktoriya Şahbazovanın turnirin ən yaxşı qapıçısı seçilməsi isə yalnız təsəlli xarakteri daşıyıb.

Voleybolçularımız tay-brekdə dayandı
Qadın voleybolçularımız 8 ildən sonra yenə Bakıda Avropa İlkin Olimpiya Təsnifat Turnirinə ev sahibliyi edib. Qrupda Bolqarıstana uduzan və Danimarkanı (3:0) üstələyən yığma yarımfinala adlayıb. Bu mərhələdə Çexiya üzərində qələbədən (3:1) sonra millimizin yolunu yenə Bolqarıstan bağlayıb. Bu dəfə də komandamız tay-brekdə məğlubiyyətlə üzləşib. Bu məğlubiyyət komandanın Avropa Olimpiya Təsnifat Turnirinə yolunu bağlayıb.

Komanda yoxdursa, cütlük var
Gimnastikanın iki növündə təmsil olunduğumuz ilk Olimpiadada yığmamız medala yaxın olub. İdman gimnastımızın çıxışı yaxşı alınmasa da, Aliyə Qarayeva bədii gimnastikada bürüncün bir addımlığında dayanıb – 4-cü yer.
Dörd il əvvəl bədii gimnastika üzrə yığmamız qrup hərəkətlərində Olimpiadada iştirak etsə də, millimiz Londonda komanda şəklində təmsil olunmayıb. Əvəzində ilk dəfə cüt şəklində təmsilçilərimiz mübarizə aparıb. Kanoe-sprintdə Sergey Bezuqlıy – Maksim Prokopenkodan ibarət duet nəinki iştirak edib, hətta medala qədər yaxınlaşıb. Onlar final mərhələsində 4-cü olmaqla mükafatın bir addımlığında qalıblar. Böyük ümidlər bəslənən Valentin Demyanenko isə finaldan kənar qalıb. Avarçəkmədə Aleksandr Aleksandrov 5-ci yerdə qərarlaşıbsa, Natalya Mustafayeva B finalına düşə bilib. Yeganə qılıncoynadanımız Sabina Mikina 1/8 final səddini aşa bilməyib.

Əsas iştirakdır
Ənənəvi olaraq ölkəmizə yad olan idman növlərində təmsilçilərimiz “əsas iştirakdır” prinsipi ilə Londona yollanıblar. Təmsilçi sayımız 3-ə yüksələn atletikada, yenə 2 idmançımızın olduğu üzgüçülükdə, yenə qatıldığımız atçılıqda, debüt etdiyimiz velosiped idmanında uğurlu nəticə gözləməyə dəyməzdi. Artıq eniş dövrünə qədəm qoyan atıcılıq barədə də eyni sözləri demək olar.

Döyüşkən yığma və boks ənənəsi
Tarixi boyu döyüş növlərində daha güclü olan olimpiya yığmamız Londonda da fərqlənib. Boks millimiz Atlanta-1996-dan sonra ardıcıl 4-cü Olimpiadada medal qazanıb. Dəri əlcək ustalarımız Pekin-2008-lə müqayisədə təmsilçi sayını 2-dən 8-ə artırıblar. Onlardan da ikisi Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov yarımfinala qədər irəliləməklə bürünc əldə ediblər. Bununla da boks millimiz 8 il əvvəlki rekordunu təkrarlayıb.
Cüdoçuların da sayı 8-ə qədər yüksəlib. Pekində 2 medal qazanan yığmamızın iki üzvü – Telman Kərimovla Elmar Qasımov 1/4 finala qədər irəliləsələr də, ardıcıl iki məğlubiyyətlə 7-ci yeri tutublar.
Millinin bayraqdarının uğursuzluğu bu dəfə də təkrarlanıb. Pekin-2008-in çempionu Elnur Məmmədli artıq ilk görüşdə - 1/32 finalda mübarizəni dayandırıb.
Taekvondoçu sayında da artım yaşanıb. İki təmsilçimizdən biri 1/4 finala da yüksəlib. Lakin Ramin Əzizov bu mərhələdə dayanıb.

Qarşısıalınmaz pəhləvanlar
Bir çox növlərdə artım qeydə alınsa da, Azərbaycan millisinin ən güclü tərəfində əks proses yaşanıb. Güləşin hər növündə bir lisenziya azalıb. Nəticədə yığmamız Londona 12 idmançı ilə yollanıb. Amma bu da rekordlar üçün yetərli olub.
Güləşçilərimiz İngiltərədə 7 medal qazanıblar. Millimiz 2 qızıl, 2 gümüş və 3 bürüncə sevinib. Bu, həmin vaxt bir növdə komandamız üçün rekord göstərici olub.
Sərbəst güləşçilərimiz yenə digər növləri üstələyib. Toğrul Əsgərovla Şərif Şərifov qızıl, Xetaq Qazyumov bürüncə sevinib. Digər yığmaların hərəsi bir gümüş və bir bürünc götürüb. Rövşən Bayramovla Mariya Stadnik 2-ci, Emin Əhmədovla Yuliya Ratkeviç 3-cü olublar. Daha iki güləşçimiz isə son anda mükafatı qaçırıb. Cəbrayıl Həsənov sərbəst, Həsən Əliyev “klassik”də bürünc uğrunda görüşdə uduzub.

İlk və itirilən medal
Ağırlıqqaldırma millimiz Londona 6 atletlə yollanıb. Bu, dörd il əvvəlki ilə müqayisədə artımı göstərib. Amma nəticələr heç də ürəkaçan olmayıb. Veliçko Çolakov zədə üzündən yarışa qatılmaqdan son anda imtina edib, Əfqan Bayramov yarışı sona çatdıra bilməyib. Böyük ümidlər bəslənən Boyanka Kostova 5-ci yerlə kifayətlənib. Digər iki atletimiz də “onluq”da yer alıb.
Valentin Xristov isə Olimpiadalar tarixinə medal qazanan ilk ağırlıqqaldıranımız kimi düşüb. Amma onun gümüş medalı müvəqqəti alınıb. Belə ki, bir neçə il keçdikdən sonra dopinqdən istifadəsi üzə çıxan Xristovun medalı əlindən alınıb. Bu, millimizin olimpiya tarixinə itirilən ikinci mükafat kimi düşüb.

Tarixi rekord
Azərbaycan millisi Londondan 10 medalla qayıtsa da, Xristova görə bu rəqəm sonradan 9-a endirilib. İdmançılarımız “Dümanlı Albion”da “dumana düşmədən” 2 qızıl, 2 gümüş və 5 bürünc mükafat qazanıb. Bu, mükafat sayına görə həmin vaxt üçün rekord olsa da, göstərici sonradan arxada qoyulub. Medalların əyarına görə isə 12 il əvvəlki nəticə mütləq rekorddur. Millimiz Sidney-2000-dəki qızıl medal rekordunu təkrarlayıb.
Yığmamızın Londondakı bir rekordu hələ də toxunulmazdır. Millimiz Böyük Britaniyada medal sıralamasında 30-cu olub. Komandamız Sidneydəki nəticəsini 4 addım yaxşılaşdırıb.

N

İdmançı

Növ

Yer

1

Aleksandr Aleksandrov

Akademik avarçəkmə, 1000 m

5

2

Aliyə Qarayeva

Bədii gimnastika

4

3

Boyanka Kostova

Ağırlıqqaldırma, 58 kq

5

4

Camal Rəhimov

Atçılıq idmanı, konkur

60

5

Camaləddin Maqomedov

Sərbəst güləş, 120 kq

İlk görüşdə uduzub

6

Cəbrayıl Həsənov

Sərbəst güləş, 66 kq

5

7

Dmitri Marşin

Atletika, çəkiçatma

20

8

Elxan Məmmədov

Cüdo, 90 kq

9

9

Elmar Qasımov

Cüdo, 100 kq

7

10

Elnur Məmmədli

Cüdo, 81 kq

İlk görüşündə uduzub

11

Elvin Məmişzadə

Boks, 52 kq

İlk görüşdə uduzub

12

Emin Əhmədov

Yunan-Roma güləşi, 74 kq

3

13

Əfqan Bayramov

Ağırlıqqaldırma, 69 kq

Çıxışını başa vura bilməyib

14

Əşrəf Əliyev

Sərbəst güləş, 74 kq

8

15

Fəridə Əzizova

Taekvondo, 67 kq

İlk döyüşdə uduzub

16

Hayle İbrahimov

Atletika, 5000 m

9

17

Heybətulla Hacıəliyev

Boks, 64 kq

İlk görüşündə uduzub

18

Həsən Əliyev

Yunan-Roma güləşi, 60 kq

5

19

Xetaq Qazyumov

Sərbəst güləş, 96 kq

3

20

İlqar Muşkiyev

Cüdo, 60 kq

İlk görüşündə uduzub

21

İntiqam Zairov

Ağırlıqqaldırma, 94 kq

6

22

İradə Aşumova

Atıcılıq (güllə)

10 m

25 m

39

23

23

Kifayət Qasımova

Cüdo, 57 kq

İlk döyüşündə uduzub

24

Layeş Abdullayeva

Atletika, 5000 m

32

25

Mariya Stadnik

Sərbəst güləş, 48 kq

2

26

Məhəmməd Abdulhəmidov

Boks, 56 kq

İlk görüşündə uduzub

27

Məhəmmədrəsul Məcidov

Boks, +91 kq

3

28

Natalya Mustafayeva

Akademik avarçəkmə, 1000 m

12

29

Oksana Hətəmxanova

Üzgüçülük, brass, 100 m

44

30

Ramilə Yusubova

Cüdo, 63 kq

9

31

Ramin Əzizov

Taekvondo, 80 kq

9

32

Rövşən Bayramov

Yunan-Roma güləşi, 55 kq

2

33

Rüstəm Orucov

Cüdo, 73 kq

8

34

Saman Təhmasibi

Yunan-Roma güləşi, 84 kq

İlk görüşdə uduzub

35-36

Sergey Bezuqlıy – Maksim Prokopenko

Kanoe, 1000 m

4

37

Səbinə Mikina

Qılıncoynatma, sablya

14

38

Sərdar Həsənov

Ağırlıqqaldırma, 69 kq

8

39

Soltan Migitinov

Boks, 75 kq

9

40

Şakir Şıxəliyev

İdman gimnastikası

40

41

Şalva Qadabadze

Yunan-Roma güləşi, 96 kq

10

42

Şərif Şərifov

Sərbəst güləş, 84 kq

1

43

Teymur Məmmədov

Boks, 91 kq

3

44

Tərlan Kərimov

Cüdo, 66 kq

7

45

Toğrul Əsgərov

Sərbəst güləş, 60 kq

1

46

Valentin Demyanenko

Kanoe, 200 m

25

47

Valentin Xristov

Ağırlıqqaldırma, 56 kq

3 (sonradan dopinqə görə diskvalifikasiya)

48

Veliçko Çolakov

Ağırlıqqaldırma, 105 kq

Zədə səbəbindən podiuma çıxmayıb

49

Vətən Hüseynli

Boks, 81 kq

İlk görüşündə uduzub

50

Yelena Çalıx

Velosiped idmanı

Şosse yürüşü

Ayrı-ayrı start götürməklə fərdi yarışlar

Finişə çatmayıb

20

51

Yelena Vıstropova

Boks, 75 kq

İlk görüşündə uduzub

52

Yevgeni Lazuka

Üzgüçülük, batterflyay, 100 m

38

53

Yuliya Ratkeviç

Sərbəst güləş, 55 kq

3

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: