Paris-2024: Yığmamızı gözləyən lisenziya turnirlərinin TƏQVİMİ

Xəbərlər
19 Mart 2024 13:16
Paris-2024: Yığmamızı gözləyən lisenziya turnirlərinin TƏQVİMİ

Paris-2024 Yay Olimpiya Oyunlarına cəmi 129 gün qalır.

İdman.biz xəbər verir ki, 4 illiyin möhtəşəm yarışına bir neçə növdə təsnifat turnirləri başa çatsa da, hələ də davam edənləri var.

Olimpiadada iştirak hüququ verəcək və qarşıdakı günlərdə təşkil olunacaq yarışların tarixini və məkanını təqdim edirik.

22-24 mart
Kotbus

Batut gimnastikası üzrə Dünya kubokunun final mərhələsi
Ümumi sıralamanın nəticələrinə əsasən, 4-dən 12-yə qədər gimnast Parisə vəsiqə qazana bilər.

3-7 aprel
Gimaraynş

Batut gimnastikası üzrə Avropa çempionatı
Kişi və qadınlar arasında keçiriləcək yarışlarda iki lisenziya nəzərdə tutulub.

4-7 aprel
Bakı

Güləş üzrə Avropa Təsnifat Turniri
Hər çəki dərəcəsində finalçılar Olimpiadaya bilet sifariş edəcək

12-14 aprel
Honkonq

3x3 basketbol turniri
Qrup mərhələsində yığmamız Niderland, Monqolustan və Çili ilə oynayacaq. “Dördlüy”ün ən yaxşı iki komandası yarımfinala yüksələcək və yekunda qalib vəsiqə əldə edəcək.

17-20 aprel
Doha

Bədii gimnastika üzrə Dünya kubokunun final mərhələsi
Dünya Kuboku seriyasının ümumi nəticələrinə əsasən, hər bir hərəkətdə ən yaxşı iki gimnast Olimpiadaya lisenziya alacaq.

24-28 aprel
Budapeşt

Bədii gimnastika üzrə Avropa çempionatı
Çoxnövçülük yarışının nəticələrinə əsasən, fərdi və qrup komanda yarışlarında bir vəsiqə veriləcək.

9-12 may
İstanbul

Güləş üzrə Dünya Təsnifat Turniri
Hər çəkidə üç idmançı Parisdə iştirak hüququ qazanacaq.

23 may - 5 may
Banqkok

Boks üzrə II Dünya Təsnifat Turniri
Oyunlara lisenziya sayı İtaliyadakı əvvəlki turnirlə təxminən eyni olacaq. Bəzi kateqoriyalarda ilk “4-lük”, digərlərində isə ilk “3-lüy”ə düşənlər və ya finalçılar Parisə yollanacaq.

24-28 may
Rimini

Kişilər arasında idman gimnastika üzrə Avropa çempionatı
Çoxnövçülüyün nəticələrinə əsasən, bir lisenziya veriləcək.

2-5 may
Rimini

Qadınlar arasında idman gimnastika üzrə Avropa çempionatı
Çoxnövçülüyün nəticələrinə əsasən, bir lisenziya veriləcək.

16-19 may
Debretsen
3x3 basketbol turniri

Qrup mərhələsində Azərbaycan millisi Almaniya, Polşa və Tunislə qarşılaşacaq. Qruplarda ilk iki yeri tutanlar mərhələ adlayacaq və yekunda 3 lisenziya sahibini tapacaq.

19-23 may
Əbu-Dabi
Cüdo üzrə dünya çempionatı

Olimpiadaya seçim reytinq əsasında aparılır. Dünya çempionatı bu yolda sonuncudur. Buna görə də Əbu-Dabidə xal toplamaq və turnir cədvəlindəki mövqeyi möhkəmləndirmək üçün son şansdır. Təbii ki, dünya çempionatında medallar üçün də mübarizə aparılacaq.

Qeyd edək ki, Azərbaycan millisi hələlik Paris-2024-ə 10 lisenziya qazanıb.

Zəki Feyzullayev
İdman.biz