UFC-nin yarımorta çəkidə çempionu İslam Mahaçevin məşqçisi Xavyer Mendes rusiyalı döyüşçünün İan Maçado Qarri ilə qarşıdakı qarşılaşması barədə danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis Mahaçevin ayaqüstə döyüş bacarığına tam güvəndiyini və irlandiyalı rəqibinə qarşı yalnız parter planı üzərində dayanmadıqlarını bildirib.
“İstəsəniz inanın, istəməsəniz yox, amma İslam ayaqüstə son dərəcə yaxşıdır. O, oktaqona çıxıb İanı ayaqüstə üstələyə biləcəyini hiss etsə, məhz bunu edəcəyik. Mən onun hər hansı rəqiblə ayaqüstə işləməsindən qorxmuram”, - Mendes deyib.
Məşqçinin sözlərinə görə, Mahaçevin əsas üstünlüklərindən biri döyüşün gedişinə uyğun planını dəyişə bilməsidir. Mendes hesab edir ki, rusiyalı həm zərbə texnikasında, həm də parterdə yüksək səviyyəyə malikdir və Qarri ilə görüşdə konkret bir istiqamətə bağlı qalmağa ehtiyac yoxdur.
“Bu, mütləq güləşlə ayaqüstə döyüşün qarşıdurması olmayacaq. Biz onun bizə nə etməyə imkan verdiyinə baxacağıq və bundan istifadə edəcəyik. Qələbə üçün ən uyğun variant ayaqüstə döyüşməkdirsə, ayaqüstə döyüşəcəyik, parterə keçmək lazımdırsa, bunu edəcəyik”, - deyə o əlavə edib.
Mahaçev və Qarri UFC 330 turnirinin əsas döyüşündə üz-üzə gələcəklər. Qarşılaşma ABŞ-nin Filadelfiya şəhərindəki “Xfinity Mobile Arena”da baş tutacaq. Turnir ABŞ vaxtı ilə avqustun 15-də keçiriləcək.
Mahaçev yarımorta çəkidə çempionluq kəmərini qorumağa çalışacaq. Qarri isə UFC-də ilk dəfə titul uğrunda döyüşəcək. İrlandiyalı döyüşçünün peşəkar MMA karyerasında 17 qələbəsi və bir məğlubiyyəti var.
