Ukrayna əsilli 19 yaşlı cüdoçu Hanna Zaytsevanın Azərbaycan millisinin heyətində debüt etməsi Polşada ciddi müzakirələrə yol açıb. O, Bakıda keçirilən son dünya çempionatında ölkəmizi təmsil etsə də, medal qazana bilməyib.
İdman.Biz xəbər verir ki, daha əvvəl beynəlxalq yarışlarda Polşanın adından çıxış edən idmançı bu ölkəyə qarşı nankorluqda, hətta xəyanətdə ittiham olunub.
Polşa Cüdo İttifaqının tənqidi bəyanatından və Zaytsevaya ünvanlanan çoxsaylı mənfi rəylərdən sonra nüfuzlu “Weszlo” idman portalının jurnalisti onun müdafiəsinə qalxıb. Nəşrdə “Ukraynalı Polşaya xəyanət etdi? Mən onu başa düşürəm” başlıqlı müəllif yazısı dərc olunub. Jurnalist gənc idmançının təzyiqlərə məruz qalmasını tənqid edib və onun qərarının səbəblərini araşdırmağa çalışıb.
Daha əvvəl Polşa millisində çıxış edən və bu ölkənin bayrağı altında yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanan Zaytseva oktyabrda Bakıda keçirilən böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin heyətində debüt edib. Lakin onun ölkə dəyişməsi Polşa Cüdo İttifaqının narazılığına səbəb olub. İttifaq idmançıya Polşada göstərilən maliyyə, tibbi və məşq dəstəyini xatırladıb.
Polşa rəsmilərini xüsusilə narazı salan məqamlardan biri də Zaytsevanın hələ yaz aylarında Polşa vətəndaşlığı almaq və bu ölkəni Olimpiya oyunlarında təmsil etmək istədiyini açıq şəkildə bildirməsi olub.
İdmançının sözlərinə görə, qərarını dəyişməsinin əsas səbəbi zəruri sənədlərin rəsmiləşdirilməsi ilə bağlı qeyri-müəyyənlik olub. Qeyd edək ki, İdman.Biz də daha əvvəl gənc cüdoçunun Azərbaycana keçidinin səbəbləri ilə bağlı ehtimal irəli sürərkən Polşa vətəndaşlığının alınmasındakı çətinlikləri əsas amil kimi göstərmişdi.
“Polşanı öz evim hesab edirəm. Əgər bütün lazımi sənədlərim olsaydı, ölkəmi dəyişməyi heç düşünməzdim. Amma bunun nə qədər davam edəcəyini bilmədən daha çox gözləyə bilməzdim. Vaxt keçir, idman karyerası isə təəssüf ki, çox qısadır”, - deyə Zaytseva “Glos Wielkopolski” nəşrinə açıqlamasında bildirib.
Bununla yanaşı, cüdoçu Polşadakı klubu “Akademia Judo”ya və çətin qərarını verməkdə ona dəstək olan məşqçisinə minnətdarlığını ifadə edib.
Hanna Zaytsevanın sözlərinə görə, Azərbaycanda karyerasını davam etdirməsi üçün ona bütün lazımi şərait yaradılıb. Bununla belə, Bakıya uyğunlaşmaq o qədər də asan deyil. İdmançı çətin dövr keçirdiyini, Polşa və orada qoyub gəldiyi hər şey üçün darıxdığını etiraf edib. Buna baxmayaraq, qarşıya qoyduğu idman məqsədlərinə çatmaq üçün bu dəyişikliklərin zəruri olduğunu düşünür.
Zaytseva Polşa Cüdo İttifaqının ona göstərilən yardımla bağlı bəzi iddiaları ilə də razılaşmayıb. O bildirib ki, çiyin əməliyyatından sonra reabilitasiya xərclərini klub öz üzərinə götürüb, federasiya isə ona lazım olan dəstəyi göstərməyib.
“Federasiya tibbi müayinələrimin maliyyələşdirildiyini qeyd edib. Yəqin ki, hər altı aydan bir idmanla məşğul olmağa icazə almaq üçün keçdiyim müayinələri və çiyin əməliyyatını nəzərdə tuturlar. Təəssüf ki, bəyanatda əməliyyatdan sonra bütün problemlərlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldığımdan bir kəlmə də yoxdur. Həmin vaxt reabilitasiya xərclərini ‘Akademia Judo’ qarşıladı. Federasiya isə bunun üçün heç bir addım atmadı”, - deyə idmançı bildirib.
“Weszlo” nəşrinin müəllifi Zaytsevanın qərarını başadüşülən hesab etdiyini vurğulayıb. Jurnalist diqqətə çatdırıb ki, Polşa vətəndaşlığı olmadığı üçün cüdoçu böyüklər səviyyəsində beynəlxalq karyerasını tam şəkildə davam etdirə bilmirdi. Azərbaycanın təklifi isə ona uzun müddət yarışlardan kənarda qalmamaq imkanı verib.
Jurnalist sosial şəbəkələrdə gənc idmançıya qarşı səsləndirilən xəyanət və nankorluq ittihamlarını da tənqid edib. Onun fikrincə, əvvəllər Polşada dəstək alması 19 yaşlı idmançının öz karyera perspektivlərindən imtina etməsini tələb etmək üçün əsas deyil.
Müəllif xatırladıb ki, Zaytseva Polşa cüdosuna beynəlxalq medallar qazandırıb və bununla da inkişafına yatırılan sərmayənin qarşılığını verib. Maraqlıdır ki, “Akademia Judo” klubunun prezidenti Radoslav Mışkeviç də keçmiş yetirməsini müdafiə edərək onun Polşaya xəyanət etmədiyini bildirib.
Yazının sonunda “Weszlo” müəllifi istedadlı cüdoçunu Polşa millisinin heyətində görmək istədiyini, lakin onun seçiminin səbəblərini başa düşdüyünü qeyd edib. Jurnalistin fikrincə, bu qalmaqalda ən çox zərər görən tərəf məhz gənc idmançının özüdür.
