“Azərbaycanda cüdonu sevirlər” - Lotar Matteusun İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

7 Oktyabr 2026 18:24
147
“Azərbaycanda cüdonu sevirlər” - Lotar Matteusun İDMAN.BİZ-ə AÇIQLAMASI

Almaniya millisinin heyətində dünya çempionu olmuş Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını ziyarət edib.

İdman.Biz xəbər verir ki, əfsanəvi alman futbolçu jurnalistlərlə söhbətində cüdoya marağının Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizerlə uzun illərdir davam edən dostluğu ilə bağlı olduğunu bildirib.

“Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə çox uzun illərdir dostluq edirəm. Məhz onun sayəsində cüdoya gəldim. İdmana marağım var, cüdoda isə idmançılar arasındakı hörmət və hakimə münasibət xüsusilə xoşuma gəlir. Mənim mütəxəssis olduğum futbolda bəzən bunlar çatışmır”, - deyə Matteus bildirib.

Futbol əfsanəsi bununla yanaşı, cüdonun bütün incəliklərinə hələ bələd olmadığını etiraf edib.

“Düzünü desəm, cüdonun bütün qaydalarını bilmirəm, amma burada olduğum üçün çox şadam. Azərbaycana və Bakıya ilk dəfə gəlmişəm. Dünən fantastik qarşılaşmalar gördüm və ümid edirəm ki, bu gün bizi çox maraqlı finallar gözləyir”, - deyə o qeyd edib.

İdman.Biz-in dünya çempionatında kimi dəstəklədiyi ilə bağlı sualını cavablandıran Matteus ilk növbədə ölkəsinin təmsilçilərinə azarkeşlik etdiyini söyləyib. Bununla yanaşı, o, turnirin ümumi atmosferindən zövq aldığını vurğulayıb.

“Əlbəttə, ilk növbədə almanları dəstəkləyirəm, bu normaldır. Amma atmosfer xoşuma gəlir. Düşünürəm ki, Bakı cüdo yarışlarının keçirilməsi üçün çox yaxşı məkandır. Çünki Azərbaycanda bu idman növünü sevirlər. Bu sevgini arenada hiss etmək mümkündür”, - deyə dünya çempionu vurğulayıb.

Matteus Azərbaycana səfərinin səbəblərindən də danışaraq, ilk dəfə Bakıda olmaq imkanının dəvəti qəbul etməsi üçün əlavə stimul yaratdığını bildirib.

“Dəvət aldım və gəlmək üçün vaxtım oldu. Əlbəttə, televiziyada işləyirəm, işim və ailəm qarşısında öhdəliklərim var. Amma burada olduğum üçün çox şadam. Artıq dediyim kimi, Bakıya ilk dəfə gəlmişəm və bəlkə də bu, dəvəti qəbul etməyimin başqa bir səbəbi oldu. Dünya çempionatı istənilən idman növündə həmişə xüsusi hadisədir”, - deyə alman bildirib.

Matteusun sözlərinə görə, bu, onun cüdo üzrə böyük beynəlxalq yarışlara ilk səfəri deyil. O, uzun illərdir bu idman növünün nümayəndələri ilə əlaqələr saxlayır.

“Bu, mənim cüdo üzrə üçüncü dünya çempionatıdır. Parisdə və Rio-de-Janeyroda keçirilən yarışlarda olmuşam, Londonda Olimpiya Oyunlarına və Vyanada Avropa çempionatına qatılmışam. Beləliklə, cüdo ailəsi ilə birlikdə dünyanın müxtəlif yerlərinə çox səyahət etmişəm. Buna görə də Bakıda keçirilən dünya çempionatına gəlmək mənim üçün çox xoş oldu”, – deyə o əlavə edib.

İdman.Biz