“Oğlumu olimpiya çempionu görmək istəyirəm" - Rəşid Məmmədəliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO/FOTO

6 Oktyabr 2026 19:58
145
“Oğlumu olimpiya çempionu görmək istəyirəm" - Rəşid Məmmədəliyevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO/FOTO

Bakıda keçirilən dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Rəşid Məmmədəliyev gələcək hədəflərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, cüdoçu jurnalistlərə açıqlamasında yarışdan sonra gələcək turnirlərdə əsas məqsədinin qızıl medal qazanmaq olduğunu bildirib.

Məmmədəliyev mundiala hazırlıq prosesində komanda olaraq ciddi iş gördüklərini qeyd edib:

“Mötəbər yarışdan öncə komanda ilə birlikdə böyük işlər görmüşdük. Çempionata kifayət qədər yaxşı hazırlaşmışdıq. Ölkəmizdə və xaricdə təlim-məşq toplanışları təşkil olundu. Rəhbərlik, məşqçilər heyəti, həkimlər və komanda yoldaşlarım işini vicdanla gördü. Bunun nəticəsidir ki, 60 kq çəki dərəcəsində qızıl, 73 kq-da isə bürünc medala nail olduq. Gələcək yarışlarda da yığmaya uğurlar arzulayıram”.

Cüdoçu fiziki hazırlığından və “Golden score” mərhələsində mübarizə aparmaq xüsusiyyətindən də danışıb:

“İlk medalımı 2019-cu ildə qazanmışam. Ondan sonra inamım daha da artdı. Fikirləşdim ki, bir dəfə alınıbsa, yenə də uğur qazanmaq olar. Üstün cəhətlərimdən biri "Golden score" da mübarizə aparmaqdır. Çünki uşaqlıqdan gec yoruluram”.

Olimpiya Oyunları ilə bağlı planlarını da açıqlayan Məmmədəliyev hazırkı bürünc medalını gələcəkdə qızılla əvəzləmək istədiyini vurğulayıb:

“İstəyərəm ki, bürünc medalı ilk növbədə qızıl medalla əvəzləyim. Olimpiadaya da daha yaxşı hazırlaşmağa çalışacağam. Hədəfim hər bir sahədə daim inkişaf etməkdir. İnkişaf eləsəm, qızıl medal da gələcək”.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı qələbəsində ona dəstək olanların rolunu da xüsusi qeyd edib:

“Qələbəni bir və ya iki nəfərin adına bağlamaq yanlış olar. Bütün tribuna, doğmalarım və tanışlarım mənə dəstək göstərirdi. Həm qələbə, həm də məğlubiyyət anlarında yanımda olan hər kəsə təşəkkür edirəm”.

İdman.Biz-in sualını cavablayan Məmmədəliyev gələcəkdə oğlunu da cüdoçu kimi görmək istədiyini bildirib:

“İstəyərdim ki, oğlum da cüdoçu olsun. Çünki keçilmiş yolla getmək daha rahatdır. Oğlumu özüm hazırlaşdırmaq, gələcəkdə onun Avropa, dünya və Olimpiya çempionu olmasını görmək istərdim”.

İdman.Biz