Çənəsi sındırılan cüdoçu Bakıda keçiriləcək dünya çempionatını buraxacaq - VİDEO

8 Sentyabr 2026 10:43
73
Çənəsi sındırılan cüdoçu Bakıda keçiriləcək dünya çempionatını buraxacaq - VİDEO

Almaniyanın Cüdo Bundesliqasında baş verən insident yarışın son turunun nəticələrini kölgədə qoyub.

İdman.Biz xəbər verir ki, “Leyptsiq”in heyətində qonaq cüdoçu kimi çıxış edən gürcüstanlı Akaki Japaridze qarşılaşmadan sonra Almaniya millisinin üzvü Timo Kaveliusa hücum edib.

Belə ki, “TSV Abensberq” komandasını təmsil edən Timo Kavelius 24 yaşlı gürcü rəqibini məğlub etdikdən sonra qələbəsini qeyd edib.

Bunu həzm edə bilməyən Japaridze ona yumruqları ilə hücum edərək üzünə zərbələr endirib.

Qeyd edək ki, cüdoçular adətən müxtəlif çəki dərəcələrində çıxış edirlər. Kavelius 81 kq-a qədər, Japaridze isə 90 kq-a qədər çəki dərəcəsində mübarizə aparır. Bundesliqadakı qarşılaşmada isə Kavelius bir çəki dərəcəsi yuxarı qalxaraq 90 kq-a qədər kateqoriyada yarışıb.

Hücumdan sonra Almaniya cüdoçusu xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, Kavelius iki dişini itirib və çənəsi sınıb. O, Leypsiq Universitet Xəstəxanasında əməliyyat olunub. Almaniya Cüdo Federasiyası (DJB) daha sonra onun üz nahiyəsindən ciddi xəsarətlər aldığını və uzun müddət tatamidən kənarda qalacağını açıqlayıb.

Hadisədən sonra “Leyptsiq” klubu açıqlama yayaraq baş verənlərə görə üzr istəyib. Klub sosial şəbəkədəki paylaşımında zorakılığın cüdoda yeri olmadığını vurğulayıb və bu idman növünün əsas prinsipləri olan hörmət, tolerantlıq, ədalət və qarşılıqlı dəyərə diqqət çəkib.

“Leyptsiq”in kapitanı Hannes Konrad hadisədən şoka düşdüklərini bildirib. Onun sözlərinə görə, Japaridze bundan əvvəl sakit davranışı ilə seçilib və belə reaksiya verə biləcəyinə dair heç bir əlamət olmayıb.

Gürcüstanlı cüdoçu bu mövsüm “Leyptsiq”in Bundesliqadakı heyətinə qoşulub və komandanın heyətində iki dəfə tatamiyə çıxıb.

Öz növbəsində Almaniya Cüdo Federasiyası hadisəni sərt şəkildə pisləyib və insidentlə bağlı mövqeyini açıqlayıb. Federasiya Leypsiqdə baş verənlərdən dərin şok keçirdiyini və zorakılığın cüdoda yolverilməz olduğunu bildirib.

Almaniya Cüdo Federasiyasının yüksək nəticələr üzrə direktoru Miryam Roper deyib:

“Tatamiyə çıxan hər bir idmançı fiziki toxunulmazlığını rəqibinə etibar edir. Bu etimad idmanımızın təməlidir. Bu hərəkət təkcə Timoya ciddi xəsarət yetirməyib, həm də cüdo ilə məşğul olan hər birimizə təsir edib”.

Kavelius Almaniya millisində yalnız idmançı kimi deyil, həm də komandanın təmsilçisi kimi fəaliyyət göstərir. O, idmançılarla federasiyanın rəhbərliyi arasında əlaqələndirici rol oynayır. Federasiya onun və yaxınlarının yanında olduğunu, bərpa prosesində dəstək göstərəcəyini açıqlayıb.

Federasiya hadisənin hərtərəfli araşdırılacağını da bildirib. Polis məlumatlandırılıb və hadisə ilə bağlı araşdırma aparılır. Bundan başqa, Federasiya mümkün idman intizam tədbirlərini və hüquqi nəticələri də nəzərdən keçirir.

Hadisə ilə bağlı Beynəlxalq Cüdo Federasiyasına (IJF), Avropa Cüdo İttifaqına (EJU) və Gürcüstan Cüdo Federasiyasına da məlumat verilib.

Hadisədən sonra həmçinin məluma olub ki, Kavelius Bakıda dünya çempionatında iştirak edə bilməyəcək. Belə ki, Kavelius 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatını buraxacaq. Bu, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlığın başlanğıcında almaniyalı cüdoçu üçün ciddi zərbədir.

İdman.Biz