Məşhur fransalı cüdoçu Teddi Riner oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
İdman.Biz “L’Équipe”yə istinadən xəbər verir ki, 37 yaşlı idmançının mundialdan imtina etməsinə səbəb yay aylarında məşq zamanı aldığı sağ çiyin zədəsidir.
Riner hələ tam bərpa olunmayıb. Fransa Cüdo Federasiyası da təsdiqləyib ki, onun sağalma dinamikası idmançının dünya çempionatında iştirakına imkan verməyəcək.
Məhz bu zədə səbəbindən fransalı daha əvvəl Limada keçirilməli olan Qran-pridən də imtina edib. Həmin yarış onun 2024-cü il Olimpiadasından sonra ilk turniri olmalı idi. Daha sonra Riner Lozannada keçirilən “Böyük dəbilqə” turnirini də buraxıb. Tibbi heyət ona 2013-cü ildə əməliyyat olunan çiyninin möhkəmləndirilməsi üçün xüsusi üçhəftəlik proqram keçməyi tövsiyə edib.
Beləliklə, Riner Bakıda 100 kq-dan yuxarı çəki dərəcəsində 12-ci dünya çempionluğu uğrunda mübarizə apara bilməyəcək. Dünya çempionatında ağır çəkililər arasında yarışlar oktyabrın 10-na planlaşdırılıb.
Fransalı sonuncu dəfə fərdi yarışda 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında çıxış edib. Beynəlxalq arenada iki ildən artıq müddətdə iştirak etmədiyinə görə o, artıq Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi reytinqində yer almır. Bakıda keçiriləcək dünya çempionatında iştirak etmək üçün Rinerə IJF tərəfindən “wild card” verilməsi lazım idi.
Riner 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək niyyətindədir. Həmin yarış onun karyerasında altıncı və sonuncu Olimpiadası ola bilər. Olimpiya lisenziyası qazanmaq üçün fransalı yenidən beynəlxalq reytinqə qayıtmalıdır. Hər çəki dərəcəsində ilk 17 yeri tutan cüdoçular üçün birbaşa lisenziyalar nəzərdə tutulub.
