Bu günlərdə Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının yubiley - 150-ci praktiki sessiyası başa çatıb. Kursun aparıcıları kimi zəngin idman karyerasına malik bir çox tanınmış mütəxəssis çıxış edib. Akademiyanın fəal təlimçilərdən biri də olimpiya çempionu Tina Trstenyakdır.
Əfsanəvi sloveniyalı cüdoçu Kodokanın bütün yeddi kata növü üzrə sertifikatlara sahibdir. O, İdman.Biz-ə müsahibəsində hazırkı fəaliyyəti və digər məsələlər barədə danışıb.
- Demək olar ki, IJF Akademiyası ilə sizin cüdoda ikinci karyeranız başlayıb?
- Əvvəlcə Akademiyanın həyatımın vacib hissəsinə çevriləcəyini heç düşünmürdüm. Lakin proqramın rəhbəri Envik Qalea mənə təlimin birinci səviyyəsini keçməyi təklif etdi. Həmin vaxt məşqçi olmağı planlaşdırmırdım. Ancaq sonradan buna münasibətim dəyişdi. Hətta cüdo menecmenti üzrə kursu da başa vurdum, kata növlərini öyrənməyə başladım və IJF Akademiyasının eksperti oldum.
- Siz dəfələrlə Bakıda IJF Akademiyasının fəaliyyətində iştirak etmisiniz. Bu müddət ərzində hansı təəssüratlarınız yaranıb?
- Bura hər gəlişim məndə çox güclü təəssürat yaradıb. Burada yüksək peşəkarlıq səviyyəsinin cüdo ənənələrinə hörmət və daim inkişaf etmək istəyi ilə birləşdiyi unikal təhsil mühiti var. Təlimin təşkili, müəllimlər və atmosfer inkişaf üçün həqiqətən ruhlandırıcı mühit yaradır. Mənim üçün bu prosesin bir hissəsi olmaq, müxtəlif ölkələrdən olan həmkarlarımla təcrübə mübadiləsi aparmaq və beynəlxalq mühitdə təhsilimi davam etdirmək şərəf idi.
- Akademiyada dərs deyərkən hansısa qeyri-adi məqamlarla qarşılaşmısınız?
- Əslində, Akademiyaya gəldikdən sonra elə bir hiss yaranıb ki, sanki cüdonu yenidən, lap əvvəldən öyrənməliyəm. Əvvəlcə tələbə, daha sonra isə müəllim kimi fəaliyyət göstərməyim məni idman nəticəsindən daha uzağa baxmağa vadar etdi. Yəni texnikanın əsasını təşkil edən fundamental prinsiplərə diqqət yetirməyə başladım. Buna görə də böyük idmanda keçirilən illərin və müxtəlif titulların sayından asılı olmayaraq, hər zaman öyrəniləsi yeni nəsə qalır.
- Bir neçə aydan sonra Bakı dünya çempionatına ev sahibliyi edəcək. Mövsümün əsas startından gözləntiləriniz necədir?
- Bu yarışı böyük səbirsizliklə gözləyirəm. Çünki bu, 2028-ci il Olimpiadasına gedən yolda qüvvələrin ilk ciddi sınağı olacaq. Bakıda təşkilatçılıq həmişə ən yüksək səviyyədə olub. 2018-ci ildə dünya çempionatında burada mübarizə aparmış və bürünc medal qazanmışdım.
Yarış çox maraqlı olacaq. Çünki Los-Anceles Olimpiadasına lisenziya xalları uğrunda mübarizə gedəcək. Əminəm ki, çoxlu sayda maraqlı qarşılaşmalar və inanılmaz mübarizə görəcəyik.
- Bakıda mübarizə apardığınızı və burada medallar qazandığınızı qeyd etdiniz. Siz təxminən dörd il əvvəl idman karyeranızı rəsmən başa vurdunuz. Karyeranızı necə yekunlaşdırırsınız?
- 2022-ci il dekabrın 31-ni xatırlayıram. Həmin gün cüdoda ilk karyeram – məhz yarış baxımından – başa çatdı. Məşqçimin, federasiyanın və əlbəttə ki, valideynlərimin birgə səyləri iki Olimpiya medalı, dörd dünya çempionatı medalı və yeddi Avropa çempionatı medalı ilə mükafatlandırıldı.
İdman karyeramın zirvəsi isə eyni vaxtda Olimpiya, dünya və qitə çempionu olmağım idi. Bu, möhtəşəm bir dövr idi və mən həmin illəri hər zaman böyük sevgi və xoş hisslərlə xatırlayıram.
