50 gündə üçüncü zəfər - VİDEO

Xəbərlər
7 Dekabr 2025 11:10
72
50 gündə üçüncü zəfər - VİDEO

Kənan Nəsibov cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında +100 kq çəki dərəcəsində qızıl medal qazanaraq son 50 gündə üçüncü tituluna sahib çıxıb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı cüdoçu bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb.

O, yarışın çətin keçdiyini vurğulayıb:

“Yarış çox ağır oldu. Fiziki hazır olsam da, psixoloji baxımdan tam rahat deyildim, çünki təlim-məşq toplanışından yeni qayıtmışdım. 50 gün ərzində üçüncü qızıl medalımı qazandım və buna görə çox sevinirəm”.

Nəsibov bildirib ki, bundan əvvəl Moldovada 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirində də qızıl medal qazanıb.

Azərbaycanlı idmançı qarşıdakı hədəflərindən də söz açıb:

“2026-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında Avropa çempionatı keçiriləcək. Əgər tatamiyə çıxmaq şansı əldə etsəm, ən yüksək pilləyə qalxmaq istəyirəm. Bundan başqa, Bakıda dünya çempionatı keçiriləcək. Mundialda da maksimum nəticə göstərməyə çalışacağam”.

İdman.Biz

Məqalədə: