Bakı 2026-cı ildə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə ev sahibliyi etməyəcək

Xəbərlər
31 Oktyabr 2025 12:53
63
Bakı 2026-cı ildə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə ev sahibliyi etməyəcək

Bakı 2026-cı ildə cüdo üzrə “Böyük Dəbilqə” seriyasına daxil olan turnirə ev sahibliyi etməyəcək.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) gələn il üçün yarış təqvimini təsdiqləyib. Təqvimə dünya çempionatları, qitə birincilikləri və digər nüfuzlu turnirlər daxil edilib.

Təqvimə əsasən, 2026-cı ildə artıq ənənə halını almış “Böyük Dəbilqə” mərhələsi Bakıda təşkil olunmayacaq. Bunun səbəbi, həmin il Azərbaycan paytaxtında 4-11 oktyabr tarixlərində keçiriləcək cüdo üzrə dünya çempionatıdır.

Xatırladaq ki, 2025-ci ildə Bakıda “Böyük Dəbilqə” turniri 14–16 fevral tarixlərində baş tutmuşdu.

2026-cı ildə “Böyük Dəbilqə” turnirləri Paris (Fransa), Daşkənd (Özbəkistan), Tbilisi (Gürcüstan), Düşənbə (Tacikistan), Astana (Qazaxıstan), Ulan-Bator (Monqolustan), Budapeşt (Macarıstan), Əbu-Dabi (BƏƏ) və Tokioda (Yaponiya) keçiriləcək.

Ulan-Batorda 19–21 iyun tarixlərində baş tutacaq mərhələ isə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran cari olimpiya dövrünün ilk turniri olacaq. Reytinq xalları baxımından ilin ən mühüm yarışı isə yuxarıda qeyd olunan kimi Bakıda keçiriləcək dünya çempionatı olacaq.

IJF-in saytında bu barədə belə deyilir:

“İlin əsas hadisələrindən biri, şübhəsiz ki, Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” olacaq. Bu turnir 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına ilk təsnifat yarışıdır. Bu andan etibarən “World Judo Tour” çərçivəsində keçirilən hər bir yarış daha da böyük əhəmiyyət qazanacaq, çünki idmançılar olimpiya seçmə mərhələsinə doğru yol alacaqlar. Gərginlik isə daha da artacaq – xüsusilə Bakıda keçiriləcək dünya çempionatında, burada dünya titulları və əsas reytinq xalları uğrunda mübarizə aparılacaq”.

Teymur Tuşiyev

İdman.Biz