Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-pri turniri yekunlaşıb. Yarışın son günündə Azərbaycan millisinin daha iki idmançısı medal qazanıb.
Bu barədə İdman.Biz-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, 90 kq çəki dərəcəsində tatamiyə çıxan Murad Fətiyev beş aylıq fasilədən sonra uğurlu qayıdış edərək gümüş medal əldə edib. Ən ağır çəkidə çıxış edən Kənan Nəsibov (+100 kq) isə bürünc medala sahib olub. Bu nəticə 21 yaşlı cüdoçunun Dünya Turu seriyasında qazandığı ilk medal kimi əlamətdar hadisədir.
Beləliklə, Azərbaycan milli komandası Lima Qran-prisini ümumilikdə yeddi medalla başa vurub. Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi 66 kq), Ömər Rəcəbli (81 kq) və Könül Əliyeva (48 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu arada Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) bürünc medal uğrunda görüşdə məğlub olaraq fəxri kürsüdən bir az geri düşüb. Bundan əvvəl həmyerlisi olimpiya çempionu Hidayət Heydərov (73 kq) ilk görüşündə uduzub.