Bəhruz Nəbiyev Bakıda keçiriləcək növbəti dünya çempionatının vaxtını açıqlayıb

Müsahibə
9 Noyabr 2023 09:27
260
Bəhruz Nəbiyev Bakıda keçiriləcək növbəti dünya çempionatının vaxtını açıqlayıb

“Bu yarış ilk dəfə keçirildiyinə görə narahat idik. Amma yarış gözlədiyimizdən də coşğulu keçdi”.

Bunu İdman.biz saytına Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

Nəbiyev Bakıda keçirilən çövkən üzrə ilk dünya çempionatının uğurlu alındığını bildirib. Federasiya rəsmisi növbəti mundialın vaxtını da açıqlayıb: “Yarışa qatılanların hər biri polo oyunçusu idi. Polo da çövkəndən yarandığına görə oyunçular onun fəlsəfəsini bilirdilər. Sadəcə müəyyən qayda dəyişiklikləri var idi. 1 aydan artıq müddətdə onlara bunları izah etdik. Bu dəfə turnirdə 6 milli iştirak edirdi. Amma bizim məqsədlərimiz komanda sayını bütün qitələri təşkil edəcək şəkildə artırmaqdır. Çövkən milli oyunu üzrə 2-ci dünya çempionatını gələn ilin sentyabrında təşkil etməyi düşünürük. Növbəti yarışları azarkeşlər 6 deyil 8, 10, 12, 14 komandanın iştirakı ilə izləyəcək. Sentyabrda yarış açıq havada keçiriləcək. Oyunlarda iştirakçı sayı hər komandada 4 deyil, 5 olacaq. Bir qədər də uzaq zamanda qitə birincilikləri, klublar arası çempionatların keçirilməsini nəzərdə tutmuşuq. İlkin məqsədimiz bu dünya çempionatını hər il müntəzəm və 6 yox daha çox milli komandanın iştirakı ilə keçirməkdir”.

Qeyd edək ki ilk dəfə keçirilən dünya çempionatının qalibi Azərbaycan olub. Millimiz finalda Mərakeşi (4:0) məğlub edib.

Emin Ağa

İdman.biz