“Azərbaycan atçılığı beynəlxalq arenaya uğurla inteqrasiya edir” - Elvin Məmmədxanovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

5 Sentyabr 2026 12:29
140
“Azərbaycan atçılığı beynəlxalq arenaya uğurla inteqrasiya edir” - Elvin Məmmədxanovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov ölkəmizdə atçılıq idmanının inkişafı, beynəlxalq uğurlar və qarşıdakı planlar barədə maraqlı müsahibə verib.

İdman.Biz-ə müsahibə verən Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov “Sea Breeze”də keçiriləcək çimərlik polosu üzrə beynəlxalq turnirdən, yerli idmançıların yetişdirilməsindən, milli at cinslərinin qorunmasından və Azərbaycanın beynəlxalq arenada təmsil olunmasından danışıb.

– Azərbaycanda atçılıq idmanının hazırkı inkişafını necə qiymətləndirirsiniz?

– Bu gün ölkəmizdə atçılıq idmanı sürətlə inkişaf edir. Qazanılan uğurların əsas səbəblərindən biri dövlətimizin bu sahəyə göstərdiyi böyük qayğıdır. Prezident İlham Əliyev digər idman növləri kimi atçılıq idmanına da xüsusi diqqət göstərir. Bunun nəticəsində həm idman göstəricilərimiz yaxşılaşır, həm də atçılıq infrastrukturu yenilənir.

– Ölkəmizdə çimərlik polosu üzrə ilk beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. Yarışla bağlı hansı yeniliklər var?

– Ölkəmizdə daha bir ilkə hazırlaşırıq. Məşhur “Sea Breeze” istirahət mərkəzində çimərlik polosu üzrə beynəlxalq turnir təşkil edəcəyik. Yarışda dünyanın güclü polo klubları – Böyük Britaniyanın “Red Star”, İsveçrənin “St. Moritz” və Rusiyanın “Moscow Polo Club” komandaları iştirak edəcək. Azərbaycanı turnirdə “Elite Polo Club”un idmançıları təmsil edəcəklər.

– Çimərlik polosu necə yaranıb və bu turnirdən gözləntiləriniz nədir?

– Çimərlik polosu 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərində yaranıb. Artıq 2005-ci ildə Mayamidə ilk Dünya Kuboku təşkil olunub. Bu ilin noyabrında həmin turnirin 20-ci yubiley yarışı keçiriləcək.

Əminəm ki, “Sea Breeze”də təşkil olunacaq turnir ölkəmizdə çimərlik polosuna marağı artıracaq. Gələcəkdə yarışa daha çox iştirakçı dəvət etməyə çalışacağıq. Azarkeşlər sahildə həm dincələ, həm də bu elit idman növünü canlı izləyə biləcəklər. Federasiya olaraq turnirə çox ciddi hazırlaşırıq.

– Azərbaycan poloçularının beynəlxalq arenadakı nəticələrini necə dəyərləndirirsiniz?

– Biz beynəlxalq arenaya uğurla inteqrasiya edirik. Yığmamız 2015-ci ildə arena polosu üzrə Avropa çempionatında keçirdiyi bütün oyunlarda qalib gələrək qitə çempionu olub.

Buzüstü polo yarışlarındakı nailiyyətlərimiz isə daha böyükdür. İsveçrənin Sent-Morits şəhərində donmuş göl üzərində ənənəvi olaraq keçirilən “Snow Polo World Cup St. Moritz” turnirində 2022 və 2023-cü illərdə Dünya Kubokunu qazanmışıq. Bundan əlavə, iki dəfə finalda oynamışıq. Bunlar Azərbaycan atçılığı üçün çox ciddi nəticələrdir.

– Polonun sələfi sayılan çövkəndə vəziyyət necədir?

– Polodan danışarkən milli oyunumuz olan çövkəni xüsusi qeyd etməliyik. Bu idman növündə dünyadakı üstünlüyümüz danılmazdır. Yığmamız bu il ikinci dəfə dünya çempionu olub. Bu qələbə ölkəmizdə atçılığa göstərilən böyük marağın daha bir sübutudur.

– Çövkənin bölgələrdə inkişafı üçün hansı işlər görülür?

– Çövkən idmanı bölgələrimizdə də çox sürətlə inkişaf edir. Növbəti mövsümdə Peşəkar Çövkən Liqasında 10 deyil, 12 komanda mübarizə aparacaq. Ağstafa və Qarabağ komandaları artıq gələn il üçün məşqlərə başlayıblar.

– Konkur yarışlarında yerli idmançıların vəziyyəti sizi qane edirmi?

– Əvvəllər beynəlxalq yarışlarda Azərbaycanı əsasən xarici legionerlər təmsil edirdilər. Patrik Mc Entee, eləcə də Agata və Karina Zəhrabəyova bacıları ölkəmizin adından uğurla çıxış ediblər.

Artıq bu səviyyəli yarışlar üçün yerli idmançılarımız da yetişir. Anar Hümbətov, Rahib İsmayılov, Elmar Abdullayev, Seyid Musayev və Kənan Novruzov kimi konkurçularımız var. Onlar legionerləri əvəz etmək üçün çox çalışırlar.

Anar Hümbətov may ayında Özbəkistanda təşkil olunan beynəlxalq turnirdə mükafatçılar sırasına düşüb. Rahib İsmayılov, Kənan Novruzov və Elmar Abdullayev isə bu ayın sonunda Gürcüstanda keçiriləcək Dünya Kubokunun mərhələ yarışlarında iştirak edəcəklər. İnanırıq ki, tezliklə bu idmançıların beynəlxalq uğurları barədə daha çox eşidəcəyik.

– Ölkə daxilində konkur yarışlarının sayı artırılacaqmı?

– Bu il ölkəmizdə doqquz böyük konkur yarışı keçirilib. Federasiyanın dəstəyi ilə hər klub öz kubokunu təşkil edib. 2027-ci ildə yarışların sayını daha da artırmağı planlaşdırırıq.

– Cıdır yarışlarında hansı inkişaf müşahidə olunur?

– Cıdır yarışlarında böyük canlanma var. 2025-ci illə müqayisədə həm yarışan atların, həm də keçirilən yarışların sayı artıb.

Yorğa atların yarışları da böyük maraq doğurur. Bölgələrdə, demək olar ki, hər ay müxtəlif zonalar üzrə yorğa qaçışları keçirilir. Bu atlar özünəməxsus çapma tərzi ilə cıdır atlarından fərqlənir və azarkeşlər tərəfindən çox sevilir. Bütün bunlar ölkəmizdə atçılığın inkişafını aydın göstərir.

– Yerli at cinslərinin qorunması istiqamətində hansı işlər görülür?

– Yerli at cinslərimizi qoruyuruq. Hazırda Ağstafada Dilbaz Atçılıq Təsərrüfatı Kompleksi, Ağcabədidə isə Qarabağ Atçılıq Kompleksi fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən, ölkəmizdə 30 mindən çox at var. Atçılıq infrastrukturu da tamamilə yenilənib.

– Qarabağ və Dilbaz atlarının beynəlxalq səviyyədə tanıdılması üçün hansı layihələr həyata keçirilir?

– Biz atçılığa yalnız idman növü kimi deyil, həm də milli irsimizin bir hissəsi kimi yanaşırıq. Hər il beynəlxalq atçılıq festivallarında iştirak edirik.

May ayında Avropanın ən nüfuzlu festivallarında iştirak etdik. Böyük Britaniyada keçirilən məşhur “Royal Windsor Horse Show” festivalındakı çıxışımız bu dəfə də böyük maraqla qarşılandı. Daha sonra Almaniyanın ən böyük atçılıq tədbirlərindən biri olan “CHIO Aachen” festivalında ilk dəfə iştirak etdik və orada Qarabağ və Dilbaz atlarımızı nümayiş etdirdik. Tamaşaçılar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanmış şou-tamaşanı böyük maraqla qarşıladılar.

– Sonda gənclərə və valideynlərə nə demək istərdiniz?

– At insanın əsl dostudur və onu çox yaxşı anlayır. Bütün gənclərimizi və valideynlərimizi atçılıq klublarımıza dəvət edirəm. Atçılıqla məşğul olsunlar. Çünki bu idman insan sağlamlığı üçün faydalıdır, elit sahədir və eyni zamanda gözəl istirahət imkanı yaradır.

İdman.Biz