“Kür” həndbol klubunun Avropa Kubokunda rəqibi bəlli oldu

14 Oktyabr 2026 13:44
148
“Kür” həndbol klubunun Avropa Kubokunda rəqibi bəlli oldu

Qadın həndbolçulardan ibarət “Kür” klubunun EHF Avropa Kubokunun üçüncü mərhələsindəki rəqibi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi Şimali Makedoniyanın paytaxtı Skopyedən olan “Çair” klubu ilə üz-üzə gələcək.

“Çair” 2024/2025 mövsümündə EHF Avropa Kubokunda tarixinin ən yaxşı nəticəsinə imza ataraq ilk dəfə 1/8 finala yüksəlib.

“Kür” isə hazırkı mövsümdə klub tarixinin rekordunu müəyyənləşdirib. Mingəçevir təmsilçisi ikinci raundda Kiprin APOEL klubunu hər iki oyunda böyük hesabla məğlub edib - 40:18 və 39:13. Turnirin birinci raundu keçirilməyib. Bu qələbələr sayəsində “Kür” tarixində ilk dəfə avrokuboklarda qalib gəlib və üçüncü mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, üçüncü mərhələnin oyunları noyabrın 7-8-də və 14-15-də keçiriləcək. Bu mərhələdə birbaşa üçüncü raunda vəsiqə qazanan 10 klub da daxil olmaqla, ümumilikdə 32 komanda mübarizə aparacaq. Cütlərin qalibi 2027-ci ilin yanvarında baş tutacaq 1/8 finala yüksələcək.

İdman.Biz