Sofiyada Avropa Gimnastikasının Konqresi yekunlaşıb

Xəbərlər
3 Dekabr 2023 09:59
270
Sofiyada Avropa Gimnastikasının Konqresi yekunlaşıb

Sofiyada Avropa Gimnastikasının (AG) Konqresi başa çatıb.

İdman.biz xəbər verir ki, AG prezidenti Fərid Qayıbovun rəhbərliyi ilə keçirilən toplantıda qurum rəhbərinin, Texniki Komitə və Həkim Komissiyasının sədrlərinin hesabatları təsdiqlənib.

Növbəti iki ilin büdcəsi də təsdiq edilib və maliyyə proqnozu açıqlanıb. Avropa Gimnastikasının Əsasnaməsi yenilənib və tezliklə dərc olunacaq.

Mariya Petrova-Mihailova (Bolqarıstan), Hana Liskarova, Vladimir Zeman (hər ikisi Çexiya), Bernardo Tomas (Portuqaliya), Oqa Kiseloviçova (Slovakiya), Mirça Dumitru Apolzana (Rumıniya), Monika Vietoff (Almaniya), Andrea Şinko (Macarıstan), Haydi Mari Taksdal (Norveç) və Mariya Ştal (İsveç) fəxri üzvlər seçiliblər.

Bundan əvvəl nümayəndələr Rusiya və Belarusdan olan idmançıların və rəsmilərin AG-nin himayəsi altında keçirilən yarışlara qayıtmasının əleyhinə səs vermişdilər. Təşkilat Beynəlxalq Gimnastika Federasiyasının iyul ayında Lozannada İcraiyyə Komitəsində Rusiya və Belarus idmançılarının 2024-cü il yanvarın 1-dən neytral statusda beynəlxalq yarışlarda iştirakına icazə verilməsi barədə qərarını dəstəkləməyib.

Konqresdə 45 ölkədən, o cümlədən Azərbaycandan 153 nümayəndə iştirak edib. Nümayəndə heyətimizdə milli federasiyanın İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, baş katib Nurlana Məmmədzadə, texniki direktor Natalya Bulanova və AFG-nin digər üzvləri yer alıblar.

Avropa Gimnastika növbəti Konqresi 28-29 noyabr 2025-ci il tarixlərində Praqada keçiriləcək.

Zəki Feyzullayev

İdman.biz