Azərbaycan akrobatları Dünya kubokuna uğurla başlayıblar - YENİLƏNİB - FOTO

Xəbərlər
13 İyun 2025 17:55
95
Azərbaycan akrobatları Dünya kubokuna uğurla başlayıblar - YENİLƏNİB - FOTO

Azərbaycan akrobatları Bakıda keçirilən Dünya kubokuna uğurla başlayıblar.

İdman.biz xəbər verir ki, qarışıq cütlüklərin yarışına Sabir Ağayev və Milana Əliyeva temp kompozisiyasının nümayişi ilə başlayıblar. Onlar 27,360 xal toplayaraq təsnifatda üçüncü yerdə qərarlaşıblar.

Kişi qrupların mübarizəsində Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihi balans hərəkətləri üzrə təsnifatda beşinci olublar. Hakimlər onlara 25,030 xal veriblər, liderliyə isə ukraynalılar yüksəlib.

***

17:24

Azərbaycan akrobatları Bakıda keçirilən Dünya kubokuna uğurla başlayıblar.

İdman.biz xəbər verir ki, qadınların qrup yarışında Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət komandamız balans hərəkətlərinin təsnifat mərhələsində birinci yeri tutub.

Gimnastlarımız 28,650 xal toplayaraq Ukrayna, Çin və Almaniya kollektivlərini qabaqlayıblar.

Kişi duetlərinin yarışında Murad Rəfiyev və Daniel Abbasov temp hərəkətlərinin təsnifatında ikinci nəticə göstəriblər. Onlar 27,300 xal qazanaraq yalnız qazaxıstanlı Daniel Dil - Vadim Şulyar duetindən geri qalıblar.

Qeyd edək ki, Dünya kubokunda yeddi ölkədən 63 idmançı mübarizə aparır.

***

15:10

Bakıda akrobatika üzrə Dünya kuboku start götürüb.

İdman.biz xəbər verir ki, tədbirin əvvəlində iştirakçı komandaların paradı ilə açılış mərasimi keçirilib.

İştirakçı komandaların – Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistanın bayraqları Milli Gimnastika Arenasının monitorunda əks olunub.

Daha sonra idmançıların çıxışları başlayıb.

Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu Azərbaycanı bu yarışda təmsil edəcəklər.

Qeyd edək ki, akrobatika üzrə Dünya kuboku iyunun 15-ə kimi davam edəcək.

İdman.biz